Xorvatiyanın paytaxtı
Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyi
davam edir. Mötəbər yarışın ikinci günü də Azərbaycan millisi üçün
uğurlu olub.
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək fəxri kürsünü ən yüksək pilləsinə çıxıb.
Azərbaycan
cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və Zaqrebdə
onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız
qaldırılıb.
Qızların yarışında, 52 kq çəki dərəcəsində mübarizə
aparan Nəzakət Əzizova isə dünya birinciliyinin bürünc medalını qazanıb.
Mərakeş, İspaniya, Rumıniya, Monqolustan cüdoçularına qalib gələn
Nəzakət yalnız yapon rəqibinə uduzaraq 3-cü yeri tutub.
Xatırladaq ki, yarışın ilk günü Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş medal əldə ediblər.
Qeyd
edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə
apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10
oğlan, 5 qız) ilə təmsil olunur.