Xəzər Xəbər

İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib

Cəmiyyət | 18:21 • 21 May 2024
İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydaları təsdiq edilib və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib.

Xezerxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manat müəyyən edilib.

Qərara əsasən, test tapşırıqlarının hazırlanması və ekspertizasınınkeçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilir. Test tapşırıqlarının hazırlanması üçün müvafiq qiymətləndirmə fəaliyyəti istiqamətlərinə dair proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və ədəbiyyatın siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet saytında yerləşdirilir. Test imtahanı bir mərhələdə keçirilir və proqrama uyğun olaraq hazırlanmış 30 (otuz) test tapşırığından ibarətdir.
Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir.

Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır. Təsdiq edilmiş və test bankına daxil olunmuş test
tapşırıqları imtahanda istifadə edilir. Qanunvericilikdə edilmiş dəyişikliklər, elmi-texniki tərəqqi və s. nəzərə alınmaqla, test bankında toplanılmış test tapşırıqları mütəmadi ekspertizadan keçirilir.

Test tapşırıqlarının hazırlanması, ekspertizası, saxlanılması və istifadəsi zamanı onların konfidensiallığı Mərkəz və bu prosesə cəlb edilmiş digər şəxslər tərəfindən təmin edilir. İmtahanın təşkili, keçirilməsi və imtahan nəticəsində şəhadətnamələrin verilməsi Mərkəz tərəfindən həyata keçirilir. İmtahanın təşkili ilə əlaqədar Mərkəz:

- imtahanın keçirilmə tarixindən ən azı 45 (qırx beş) gün əvvəl sənəd qəbuluna dair elan verir;
- imtahanın keçirilməsi ilə əlaqədar bu Qaydalarda qeyd olunan sənədləri qəbul edir;
- imtahanın keçirilməsinə ən azı 5 (beş) təqvim günü qalmış imtahanda iştirak edəcək namizədlərin buraxılış vərəqəsini və imtahan qaydaları barədə məlumatlar əks olunan yaddaş kitabçasını saytda yerləşdirir;
- imtahanın qrafikini və aparılma texnologiyasını müəyyən edir;
- imtahan suallarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə, həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;
- imtahanın təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərə baxır və həll edir;
- imtahanın qrafikini saytında yerləşdirir;
- imtahanda iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir;
- imtahan nəzarətçilərini müəyyən edir;
- imtahanın nəticəsi elan edildikdən sonra 5 (beş) iş günü müddətində imtahanı müvəffəqiyyətlə vermiş namizədlərə qiymətləndirmə fəaliyyətinin müvafiq istiqaməti üzrə ixtisas şəhadətnamələri verir.

İmtahan il ərzində 2 dəfə mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir. Mərkəz bu qaydalara uyğun olaraq saytda ixtisas şəhadətnaməsi almaq məqsədilə imtahanın keçirilməsi haqqında sənəd qəbuluna dair elan verir. Namizəd elan verildiyi gündən 30 gün müddətində imtahanda iştirak etmək üçün fərdi identifikasiya nömrəsini (Azərbaycan Respublikasının vətəndaşları
üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərməklə, saytda yaratdığı “Şəxsi kabinet”i vasitəsilə qeyd edilən sənədlər və (və ya) məlumatlar əsasında Mərkəzə elektron qaydada müraciət edir:

İmtahan sənəd qəbulunun başa çatdığı gündən ən geci 30 gün müddətində qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir. İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır və həmin baldan 50 faiz və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanda iştirak etmiş namizədə onun tələbi ilə Mərkəz
tərəfindən imtahanın nəticəsi üzrə arayış verilir. İmtahanın nəticəsindən narazı qalan namizəd nəticənin elan olunduğu vaxtdan 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına müraciət edə bilər. Müraciətə aidiyyəti mütəxəssislər tərəfindən baxılır və namizədə Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Namizədin nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablama aparılır və namizədin imtahan nəticələri yenilənir. Müraciətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.
İmtahanın nəticələri haqqında məlumat saytda yerləşdirilir.

Mərkəz şəhadətnamələrin verilməsi üçün imtahanın nəticələri əsasında müvafiq qərar qəbul edir. İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə şəhadətnamələr bu Qaydaların əlavəsində göstərilən formada tərtib olunur və Mərkəzin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilərək elektron formada Mərkəzin informasiya sistemi vasitəsilə təqdim edilir. İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024