Azərbaycanda torpaq sürüşməsinin
aktivləşməsinə təsir edən amillərdən biri də insanların sürüşməyə həssas
sahələrdə ev tikməsidir.
Bunu Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji
planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
O qeyd edib ki, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji
planlama ekspedisiyası respublika ərazisində olan sürüşməyə həssas
sahələr haqqında albom tərtib edib.
R.Həsənov bildirib ki, Bakı şəhəri və Abşeron
yarımadası üzrə 14 sürüşmə təhlükəsi olan sahə mövcuddur: "Bu
məlumatlar müvafiq qurumlara, yerli icra orqanlarına çatdırılıb. Həmin
məlumatlardan istifadə edilməlidir".
R.Həsənov deyib ki, bu sahə ilə bağlı maarifləndirmə işləri
aparılmalıdır: "Vətəndaşlara ev tikərkən ərazinin təhlükəli olduğunu
bildirib qadağa qoymaq bizim səlahiyyətimizdə deyil. Bu məsələdə müvafiq
qurumlar məsuliyyət daşıyır. Maarifləndirmə işi zəifdir, əhali də,
demək olar, maraqlanmır ki, hansı ərazilərdə ev tikmək olar. Vətəndaşlar
ərazilərlə bağlı tam məlumatlı olmadan evlər tikir, sonra da
problemlərlə üzləşirlər".
Ekspedisiyanın dəstə rəisi vurğulayıb ki, tikintinin norma və qaydaları
var: "Müəyyən maillilik dərəcəsi var, bu maillilik dərəcəsinə qədər olan
yerlərdə ümumiyyətlə tikinti tikmək qadağandır. Ancaq bəzən iki dəfə
normadan artıq mailliliyə malik yamacda ev tikirlər. 60-70 dərəcə
maillilik olan yamacda, hətta yamacı kəsib ev tikirlər. Sonra isə həmin
ərazilərdə sürüşmə olur, evlər uçur. Təbiətə nə qədər müdaxilə
edirsənsə, təbiət də onun qarşılığında cavab verir. Əgər yamacı kəsib
orada ev tikilirsə, əlbəttə, bunun fəsadları da olacaq". (Trend)