Xəzər Xəbər

ABŞ-Aİ-Ermənistan görüşü Rusiyada xüsusi narahatlıq doğurur

Dünya | 21:33 • 5 Aprel 2024
ABŞ-Aİ-Ermənistan görüşü Rusiyada xüsusi narahatlıq doğurur

Brüsseldə keçirilən üçtərəfli görüş Rusiyada da xüsusi narahatlıq doğurub. Jurnalistlərin suallarını cavablandıran Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan tərəfinin bəyanatlarını gözləməyi təklif edib.

Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünü şərh edən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) rəsmisi Mariya Zaxarova bildirib ki, bu görüş region ölkələrinin əksəriyyətində narahatlıq doğurur. Çünki o, Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yox, Qərbin son dərəcə destruktiv yanaşmaları ilə Cənubi Qafqaza daha da müdaxilə etməsi, orada yeni haçalanma yaradan fikirlərin yaradılması, region ölkələrinin anti-Rusiya gündəmini izləməyə vadar edilməsi, onların Moskva ilə çoxəsrlik əlaqələrinin məhv edilməsi məqsədi daşıyır.

Politoloq Aleksey Naumov qeyd edib ki, bugünkü görüş İrəvanın “Qərb düşərgəsinə” keçid etdiyini göstərir.

“Ermənistanın taleyinə bu baxımdan həsəd aparmaq olmaz: Ermənistandan başqa, Azərbaycan və Gürcüstanın da daxil olduğu və Rusiya, Türkiyə və İranın əhatə etdiyi Cənubi Qafqaz regionunda heç kim Qərb təsir anklavının meydana çıxmasını istəmir. Buna görə də, Ermənistan Aİ və ABŞ-dan maliyyə və hərbi dəstək alaraq, öz yerləşdiyi mühitdə Qərb blokunun hər şeydən məhrum olmuş forpostuna və qabaqda gedən dəstəsinə çevrilmək riski daşıyır”, - politoloq bildirib.

Onun fikrincə, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Ermənistan ağır mənəvi məğlubiyyət zərbəsi alıb. Ancaq reallıqla barışmaq əvəzinə, Ermənistan özünə “günah keçisi” kimi Rusiyanı seçmək qərarına gəlib.

“Məsuliyyətin Rusiyanın üzərinə atılması Nikol Paşinyana hərbi məğlubiyyətdən sonra hakimiyyətdə qalmaq, Ermənistan xalqına isə hər şeyi üçüncü tərəfin xəyanəti ilə əlaqələndirərək, aparılan siyasətin doğurduğu fəsadları aradan qaldırmaqdan imtina etmək imkanı yaratdı. Güman edirəm ki, tarixi perspektivdə bugünkü görüş hər şeyi öz yerinə qoyacaq - Rusiya və Ermənistan müttəfiqliyi elə əvvəldən Rusiyaya heç bir fayda gətirməyib və qismən fürsətçi, qismən isə nostaljik-mədəni səbəblərlə əlaqədər diktə edilib. Bələdçiliyini Ermənistanın etdiyi xarici təsirə qarşı çıxmaq Cənubi Qafqazın bütün ölkələrinə qarşılıqlı fəaliyyət üçün ortaq platforma tapmağa şərait yaradacaq və Rusiyaya “xristian qardaşların” manipulyasiyası ilə diktə olunan münasibətlərə yox, iqtisadi cəhətdən faydalı münasibətlərə diqqət yetirməyə imkan verəcək, - deyə Aleksey Naumov qeyd edib.

Rusiya Elmlər Akademiyasının E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Qafqaz sektorunun müdiri Vadim Muxanov deyib ki, ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü İrəvanın hərbi-siyasi və hərbi-texniki baxımdan Rusiyadan asılılığını azaltmaq istəyi ilə bağlıdır. “İrəvan və Moskva arasında müəyyən diplomatik höcətləşmə gedir, problemlər çoxalır. Bu, heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq. Yaxın müddətli perspektivdə Rusiya ilə Ermənistan arasında münasibətlər postsovet dövründə olduğundan da aşağı səviyyədə olacaq. Onların münasibəti hələ indiki qədər bərbad olmayıb, ancaq bu münasibətlər hələ də mümkün ola bilər” - deyə ekspert əlavə edib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Brüssel görüşünün iştirakçıları açıq şəkildə bir-birilərini aldatmağa çalışırlar. “Ermənistan Aİ, ABŞ və NATO-nun Azərbaycan əleyhinə dəstəyini əldə etmək niyyətindədir. Onun buna nail olmaq üçün Rusiya ilə münasibətləri pozmaqdan başqa çarəsi yoxdur. ABŞ və Aİ Rusiyanı Ermənistandan və ümumiyyətlə, Cənubi Qafqazdan qovmaq və regionda dominant qüvvə olmaq istəyir”, - deyə Sergey Markov vurğulayıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar