Xəzər Xəbər

İsveçrəlilər həyatlarından ən çox məmnun olan avropalılardır

Maraqlı | 13:12 • 4 Aprel 2024
İsveçrəlilər həyatlarından ən çox məmnun olan avropalılardır

İsveçrədə demək olar ki, hər on nəfərdən birinin maddi çətinliklə üzləşməsinə baxmayaraq, bu ölkənin sakinləri Avropada öz həyatlarından ən çox məmnun olan insanlardır. İsveçrə Federal Statistika İdarəsi (BfS) tərəfindən dərc edilən yeni məlumatlardan bu qənaətə gəlmək olar.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, BfS-in məlumatına görə, 2022-ci ildə İsveçrə bütün Avropa ölkələri arasında həyat məmnuniyyətinin ən yüksək səviyyəsinə malik olub. Bu göstərici 2014-cü ildən bəri demək olar ki, dəyişməyib. Buna baxmayaraq, ölkənin təxminən hər onuncu sakini müəyyən maliyyə çətinlikləri ilə üzləşir. 10 ballıq şkala üzrə İsveçrə qonşu ölkələri - Avstriya (7,9), İtaliya (7,2), Fransa (7) və Almaniyanı (6,5 bal) qabaqlayaraq, 8 bal yığıb.

Həyat məmnuniyyəti yaş, təhsil və gəlir səviyyəsi ilə əlaqədar yüksəlir. İsveçrəli qadınlar və kişilər xüsusilə həm işdə, həm də şəxsi həyatda şəxslərarası münasibətlərin keyfiyyətindən məmnundurlar: 2022-ci il tarixinə 16 və daha yuxarı yaş qrupunda olan respondentlərin yarıdan çoxu həyatlarının bu qismindən məmnun olublar. Ölkə əhalisi asudə vaxtın azlığı və şəxsi maliyyə vəziyyətinin yetərli olmamasından narazıdır: məmnun isveçrəlilərin sayı əhalinin üçdə birindən çox deyil.

Maliyyə çatışmazlığı səbəbindən 2022-ci ildə ölkə əhalisinin 4,9 faizi vacib sayılan mallardan, xidmətlərdən və ya sosial tədbirlərdən imtina etmək məcburiyyətində qalıb. Aydındır ki, bu sosial qrupda on nəfərdən yalnız biri öz həyatından razıdır. Ümumiyyətlə, İsveçrədə həyatlarından “çox məmnun” olanların faiz göstəricisi 9 milyonluq ümumi əhalinin üçdə birini təşkil edir. Həyatlarından narazı qalanların dörddə biri isə çox vaxt və ya hətta davamlı olaraq ruhdan düşdüklərini və ya depressiya yaşadıqlarını bildiriblər.

Ancaq ümumi əhali arasında belə insanların payı cəmi 5 faiz təşkil edir. Ölkədə yoxsulluq səviyyəsi 8,2 faiz (702 min nəfər) təşkil edib. 2021-ci ildə bu rəqəm bir qədər yüksək - 8,7 faiz olub. İsveçrədə yoxsulluqdan ən çox əziyyət çəkənlər xarici vətəndaşlar, tək valideynli ailələr, ali təhsili olmayan insanlar və üzvlərindən heç birinin işləmədiyi ailələrdir. İşləyən əhali arasında yoxsulluq səviyyəsi 3,8 faiz (144 min nəfər) təşkil edib.

Rəsmi statistikaya görə, 2022-ci ildə İsveçrədəki fiziki şəxslər üçün yoxsulluq həddi ayda 2.284 İsveçrə frankı (2.534 dollar), iki uşağı olan iki yetkin şəxs üçün isə ayda 4.010 İsveçrə frankı təşkil edib.

Xəbər lenti

Çox oxunanlar