Xəzər Xəbər

Həkəri və Bərgüşad çaylarının üzərində su anbarları tikiləcək

Region | 16:25 • 26 Oktyabr 2021
Həkəri və Bərgüşad çaylarının üzərində su anbarları tikiləcək

Həkəri və Bərgüşad çaylarının üzərində su anbarlarının tikilməsi planlaşdırılır. Bununla bağlı layihələr işlənilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov məlumat verib.

Nazir müavinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimiz həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngin bölgədir. Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz işğaldan azad olunan ərazilərin payına düşür.

Bölgənin ən gursulu çayları ilə əhatə olunan Qubadlı rayonu ərazisindən iki çay keçir. Bu çaylardan ən böyüyü Bərgüşad çayı, ikincisi isə Həkəri çayıdır ki, o da Bərgüşad çayının qoludur. Həkəri çayın Bərgüşad çayının qolu hesab edilməsinin əsas səbəbi Bərgüşad çayının daha uzun və bolsulu olması ilə əlaqədardır. Həkəri çayı öz başlanğıcını Laçın rayonu ərazisindən götürür. Çayın uzunluğu 113 kilometrdir, orta illik su sərfi 10.7 kubmetr/saniyəyə yaxındır. Həkəri çayın ən böyük qolu Zabux çayıdır.

Bərgüşad çayı isə öz başlanğıcını Bazarçay adı ilə Kəlbəcər rayonu ərazisindən götürür, Ermənistan ərazisindən keçir və Qubadlı ərazisində Həkəri çayla birləşərək Zəngilan rayonunda Araz çayına tökülür. Bərgüşad çayının uzunluğu 158 kilometr, orta illik su sərfi 20,1 kubmetr/saniyəyə yaxındır. Hər iki çay Araz çayının qollarıdır.

V.Kərimov bildirib ki, hər iki çay su ehtiyatları baxımından çox zəngindir və onların Azərbaycanın ümumi su ehtiyatlarına əlavə olunması həmin ərazilərin, eyni zamanda, qonşu ərazilər olan Cəbrayıl, Ağdam, Füzuli rayonlarındakı əkin sahələrinin suvarılmasında, eləcə də yeni salınacaq Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin əhalisinin içməli su ilə təminatında böyük əhəmiyyət kəsb edəcək. Həmin çayların üzərində iki su anbarının tikilməsi də planlaşdırılır. Bununla bağlı layihələr işlənilir.

Xəbər lenti