Mənzil tikinti kooperativləri (MTK) mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər. Bu, evlərin təsnifatlaşdırma və qeydiyyata cəlb olunması ilə bağlı hazırlanan yeni normativ hüquqi sənədlərdə nəzərdə tutulub.
Xezerxeber.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən bildirilib ki, əgər rəsmi qaydada layihəyə dəyişiklik edilməyibsə, şəhərsalma qaydalarına uyğun olaraq layihə təsdiqlənməyibsə, MTK özü fiziki vəziyyət yaradaraq alqı-satqı edə bilməyəcək.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, ümumi sahəsi böyük olan mənzillərin satışında problem olduğundan MTK-lar həmin yaşayış mənzillərini bölərək satırdı. Bu isə çıxarış almaq istəyərkən problemlər yaradırdı. Onun sözlərinə görə, daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sistemi bütün növ əməliyyatların tam elektronlaşdırılması və elektron qaydada həyata keçirilməsinə şərait yaradacaq.
Elnur Fərzəliyevin sözlərinə görə, portalda mənzilin hər bir otağının, hər bir yaşayış və köməkçi sahənin yerləşmə mövqeyi əksini tapacaq və vətəndaş aldığı mənzilin bütün məlumatlarını görə biləcək.
Ekspert qeyd edib ki, yeni sistemlə eyni mənzilin bir neçə şəxsə satılmasının da qarşısı alınacaq. Bir şəxsə satıldıqdan sonra həmin mənzil bloklanacaq və ikinci, üçüncü şəxslərə satılmasına yol verilməyəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.