San-Dieqoda Kaliforniya Universitetinin alimləri üç ölçülü (3D) printerdən istifadə edərək süni damar şəbəkəsi yarada biliblər.
XəzərXəbər lent.az-a istinadən xəbər verir ki, alimlər əvvəlcə
kompüterdə damar quruluşunu modelləşdiriblər. Sonra 3D printerdən və
canlı hüceyrədən istifadə edən damar şəbəkəsini yaratmağa müvəffəq
olublar.
Bu zaman canlı hüceyrələr böyüyərək damar şəbəkəsini bioloji toxuma ilə
örtüb. Laboratoriya mühitində yaradılan damarlar daha sonra siçanlar
üzərində sınaqdan keçirilib. Uğurla nəticələnən sınaqlarda damar
şəbəkəsinin heyvanın ürək-damar sistemi ilə uyğunlaşmasını təmin etdiyi
məlum olub.
Tədqiqatçı Shaochen Chen bildirib ki, orqanlarımız qan damarları olmadan
həyatda qala və inkişaf edə bilməz. Damarlar orqan nəqlində ən
əhəmiyyətli məfhumlardır. Yaradılan süni damar şəbəkəsi orqan nəqlində
problemlərin qarşısını almağa kömək olacaq.
Yaradılan damarların hələ ki, yalnız qan daşıdığını vurğulayan alim süni damarların təbii damarlar kimi qida maddələrini daşıması üçün tədqiqata davam etdiklərini söyləyib.