"Bu gün Ermənistandan
səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə
yox, onun dərinləşməsinə xidmət göstərir” XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib. Prezident
vurğulayıb ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu
məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir: "Azərbaycan
öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli,
tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan
torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa
edilməlidir”.
Ölkə başçısı bildirib ki, münaqişəyə, böyük
humanitar fəlakətə baxmayaraq, - bir milyondan çox insan bu münaqişədən
əziyyət çəkir, - Azərbaycan inkişaf yolundadır, Azərbaycanın inkişafı
çox sürətlidir. Ermənistan isə, əksinə, getdikcə daha da zəifləyir.
"Ermənistanda
bu ilin yazında baş vermiş çevriliş əslində göstərir ki, əvvəlki rejim
xalqın dəstəyini tam itirmişdir. İyirmi il Ermənistana rəhbərlik etmiş
rejim çökdü və bu, bir daha onu göstərir ki, onların işğalçılıq siyasəti
iflasa uğradı. Eyni zamanda, beynəlxalq təşkilatlar da bu məsələ ilə
bağlı gərək ciddi təhlil aparsınlar və özlərinə sual versinlər ki, necə
ola bilər, Ermənistanda son müddət ərzində keçirilmiş parlament və
prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya
vermişlər. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər
kobudcasına saxtalaşdırılır? Bilmirdilər ki, orada əvvəlki rejimin
hörməti sıfıra bərabərdir? Bilirdilər, ancaq hansısa səbəblərə görə göz
yumurdular. İndi də Ermənistanda yaranmaqda olan yeni diktatura rejimi
demək olar ki, eyni siyasəti aparır. Siyasi rəqiblərə qarşı zorakılıq
həyata keçirilir, siyasi rəqiblər həbsə alınır, mətbuat nümayəndələrinə
qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları
siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir, bu
göstərişləri bütün dünya eşidir. Bir dənə də olsun beynəlxalq təşkilat,
xüsusilə mətbuatla, media azadlıqları, insan haqları ilə bağlı olan
təşkilatlar səsini çıxarmır. Sual olunur, nəyə görə Ermənistanda gedən
bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun
arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır".
Prezident çıxışında əlavə edib:
"Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən
Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna
öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox
tutarlı arqumentlərlə dəstəklənir. Bayaq qeyd etdiyim kimi,
deputatlarımız bizə qarşı aparılan çirkin kampaniyalarla bağlı öz
sözlərini tutarlı arqumentlərlə deyirlər. Bizə qarşı irəli sürülən
ittihamlar 100 faiz saxtadır, yalandır, ikili standartlar əsasındadır və
siyasi məqsədlər güdür. Onu da bildirməliyəm ki, bu hücumlar, bu
ittihamlar bizim siyasi iradəmizə zərrə qədər təsir etmir və etməyəcək.
Amma Ermənistan açıq-aşkar repressiya siyasətini aparır, medianı boğur,
siyasi opponentlərini həbsə alır, baş nazir onların həbsi ilə bağlı
göstəriş verir və buna heç bir reaksiya verilmir. Bu, çox düşündürücü
məsələdir və hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim bu sualımıza
mütləq cavab verməlidirlər. Verməsələr, deməli, onlar bu yeni yaranan
diktatura rejimi ilə əlbirdirlər”.
Dövlət başçısı qeyd edib ki, Ermənistanda gedən proseslərə baxdıqda istər-istəməz müəyyən paralellər meydana çıxır: "1992-ci
ildə də Azərbaycanda hakimiyyətə insanlar meydanlardan, küçələrdən
gəlmişdilər. Onların heç bir təcrübəsi, siyasi biliyi yox idi. Onlar
iqtisadiyyatın nə olduğunu bilmirdilər. Ümumiyyətlə, onlar cəmiyyətdə
elementar davranış qaydalarını gözləmirdilər. Nəticədə Azərbaycan xalqı o
hakimiyyətə cəmi bir il dözə bildi və ondan sonra onlar siyasi səhnədən
birdəfəlik çıxarıldılar. Ermənistanda da biz eyni mənzərəni görürük.
Meydanda çığırıb-bağıranlar bu gün yüksək postlara təyin olunur, heç bir
təcrübəsi olmayan insanlar bu gün Ermənistanın taleyini həll edirlər.
Yeni hökumət tərəfindən atılan addımlar onu göstərir ki, bu adamların
heç bir biliyi, hazırlığı yoxdur və bu, nəinki Ermənistan üçün, bölgə
üçün böyük təhlükə mənbəyidir. Bir tərəfdən, - mən bunu artıq bir dəfə
demişəm, - indiki Ermənistan hakimiyyəti nə qədər çox hakimiyyətdə
qalsa, bizim üçün bir o qədər yaxşıdır. Çünki o, mövcud olan
problemlərin üstünə problemlər gətirir. Onsuz da Ermənistan işğalçılıq
siyasətinə görə böhran, tənəzzül içindədir. Rəsmi statistikaya görə
orada yoxsulluq 30 faizə, amma real vəziyyətdə 50 faizə çatır. Kütləvi
işsizlik, depopulyasiya, insanların kütləvi şəkildə köçü baş verir.
İqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Heç kim investisiya qoymaq
istəmir, bazar məhduddur, xarici bazarlara çıxış yoxdur. Bu mövcud
problemlər, üstəgəl onların işğalçılıq siyasəti faktiki olaraq əvvəlki
kriminal rejimin çökməsinə gətirib çıxardı. Amma biz görürük ki, indi
yeni hökumət də eyni yolla getmək istəyir. Bu ağır, çətin vəziyyətdən
xilas üçün Ermənistanın yeganə yolu var, o da bizim torpaqlarımızdan
çıxmaqdır. Ondan sonra onların inkişafı üçün şərait yaradıla bilər. Əgər
onlar işğalçılıq siyasətini davam etdirmək istəyirlərsə, bilməlidirlər
ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq”.
Prezident diqqətə çatdırıb ki, Dağlıq Qarabağ heç
vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç
vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli,
tarixi, hüquqi torpağı ondan ayrılsın. "Qoy, Ermənistan
bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını
aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi
bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar
atılmışdır. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar bizim mövqeyimizi
dəstəkləyir. Təkcə BMT Təhlükəsizlik Şurası deyil, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Bu il Azərbaycan ilə Avropa
İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə
Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü
dəstəklənir. Bu, Avropa İttifaqının mövqeyidir. Qonşu dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və dəstəkləyir. İslam
Əməkdaşlıq Təşkilatı dəfələrlə münaqişə ilə bağlı qətnamələr qəbul
etmişdir. Onların hamısı bizim mövqeyimizi müdafiə edir. Yəni, bu,
məsələnin beynəlxalq hüquqi tərəfidir”, - Azərbaycan prezidenti
bildirib.
Ölkə başçısının sözlərinə görə, Ermənistan
uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi
idarə edibsə, - müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, -
onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu
uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olmuşdur:"Əgər
işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından
faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir
layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi
çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq
mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha
demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş
vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, -
çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə
deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu
edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf
olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat
addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu
ölkəni daha da ağır vəziyyətə salacaq. Onunla bizim işimiz yoxdur. Amma
bu, münaqişənin həlli üçün indi böyük problemə çevrilir. Ona görə biz
bundan sonra da öz siyasətimizi aparacağıq. Bizim iqtisadi potensialımız
da artır. İndi Ermənistanla Azərbaycan arasında fərq yerlə-göy
qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan ölkədir,
Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir
ölkədir. Biz, əlbəttə ki, bundan sonra da öz siyasətimizi aparacağıq”.