21 sentyabr 2018-ci il
tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini
cənab Xələf Xələfov İsveçrənin xarici işlər üzrə dövlət katibinin
müavini xanım Kristina Marti ilə Berndə görüşüb.
Görüşdə İsveçrə rəsmisi iki ölkə arasında çox yaxşı əlaqələrin mövcud
olduğunu bildirib, Azərbaycan və İsveçrə prezidentlərinin Ümumdünya
İqtisadi Forumunun illik Davos iclasları çərçivəsində görüşlərini və
mütəmadi dialoqunu yüksək qiymətləndirib.
Xələf Xələfov öz
növbəsində iki ölkə arasında siyasi dialoqun aparılmasını və təmasların
həyata keçirilməsini, o cümlədən mütəmadi olaraq XİN-lərarası siyasi
məsləhətləşmələrin və ikitərəfli yüksək səviyyəli səfərlərin vacibliyinə
diqqət çəkib.
Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə toxunan Xələf Xələfov bildirib ki, münaqişənin sülh yolu ilə həlli BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və işğal
olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsindən keçir.
Bununla belə, Ermənistanın hazırkı siyasi rəhbərliyi münaqişənin sülh
yolu ilə həllinə konstruktiv mövqe göstərmək əvəzinə Azərbaycan
ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsi
məqsədini daşıyan, bir-birinə zidd siyasi bəyanatlarla çıxış edir ki, bu
da sülh danışıqlarına yönəlmiş səyləri pozur, bölgədə mövcud olan zərif
sabitliyə və təhlükəsizliyə təhdid yaradır. Hadisələrin bu kontekstdə
inkişafına və onun təhlükəli nəticələrinə görə bütün məsuliyyət
Ermənistan rəhbərliyinin üzərinə düşür.
Görüşdə eyni zamanda
Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi
üçün böyük potensialın olduğu vurğulanıb. Xüsusilə qeyri-neft sektoru,
sənaye, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı, əczaçılıq, turzim
sahələrində həyata keçirilən milli və regional layihələrdə İsveçrə
şirkətləri iştirak etməyə dəvət edilib. Bundan başqa, peşə təhsili
sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib.
Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanmasının regional və beynəlxalq əhəmiyyəti qeyd edilib, Xəzər
dənizi vasitəsilə həyata keçirilən Şərq-Qərb nəqliyyat dəhlizi
layihəsinin həm regional, həm beynəlxalq səviyyədə yaratdığı imkanlar,
həmçinin ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji
layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn
Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.