Xəzər Xəbər

Çində koronavirusla mübarizədə istifadə olunan məhsullar idxal rüsumlarından azad edilib

Dünya | 10:36 • 2 Fevral 2020
Çində koronavirusla mübarizədə istifadə olunan məhsullar idxal rüsumlarından azad edilib

Çin hökuməti ölkədə yayılan koronavirusun yeni növünün yayılmasına qarşı mübarizədə və profilaktik tədbirlərdə istifadə olunan xarici məhsulları idxal rüsumlarından azad edib.


AZƏRTAC Çinin Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, müvəqqəti xarakter daşıyan qərar yanvarın 1-dən martın sonunadək qüvvədə olacaq. Bura reagentlər, sterilizasiya məmulatları, qoruyucu vasitələr, təcili yardım, dezinfeksiya və fövqəladə qərargah avtomobilləri daxildir. Qərar fevralın 1-də qəbul edilməsinə baxmayaraq, yanvarın 1-dən ölkəyə gətirilən mallara aid olduğu üçün ötən müddətdə ödənmiş rüsumlar geri qaytarılacaq.


Bildirilir ki, qərar ölkəyə bu məqsədlə gətirilən ianələrə və Çin-ABŞ ticarət qarşıdurması zamanı adları əlavə idxal rüsumlarının tətbiq olunduğu mallar siyahısına düşən müvafiq məhsullara da aid ediləcək.


Qeyd edək ki, Çinin Xubey vilayətində aşkarlanan və indiyədək 12 minə yaxın adamın yoluxmasına, 259 nəfərin ölümünə səbəb olan koronavirusun yeni növünün yayılmasına qarşı mübarizədə tibbi avadanlığa və ləvazimata böyük tələbat yaranıb. Çin hökuməti bu tələbatı ödəmək üçün yerli şirkətlərdən istehsalı artırmaq barədə xahiş də daxil olmaqla, müxtəlif addımlar atır.

Xəbər lenti