Xəzər Xəbər

Koronavirus bəzi insanlarda əlilliyə səbəb ola bilər

Cəmiyyət | 19:26 • 17 Mart 2021
Koronavirus bəzi insanlarda əlilliyə səbəb ola bilər

Koronavirus infeksiyasına yoluxub sağalan insanlarda müəyyən əlamətlər bir müddət davam edir. COVID-19-un ən çox müşahidə edilən simptomlarından biri iy və dadbilmənin itməsidir. Bir aydan sonra əksəriyyət insanlarda bu hisslərin tam və ya hissəvi bərpası baş verir. 3-6 ay ərzində böyük əksəriyyətdə iy və dadbilmə bərpa olunur. Az adamlarda bundan artıq vaxt keçsə də, iy və dadbilmə hissi bərpa olunmur. Bu, çox böyük psixoloji sarsıntıya səbəb olur. Belə halda təkcə selikli qişa yox, iybilmə-dadbilmədə iştirak edən reseptor aparat da zədələnir ki, bunun da bərpası az sayda insanlarda mümkün olmur və bu vəziyyət bir müddət davam edir. Xəstəliyi keçirən insanların üçdə birində isə ümumi halsızlıq, zəiflik, iş qabiliyyətinin azalması, diqqəti cəmləməkdə çətinlik, yaddaş, yuxu pozulması, bədən, əzələ ağrıları, subfebril hərarət bir müddət müşahidə olunur. Belə halların keçməsi üçün zaman lazımdır.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.

Baş infeksionist qeyd edib ki, xəstəliyi ağır keçirən, ağciyərlərin dərin zədələnməsi olan və sonrakı müddətlərdə fibrozlaşma prosesi gedənlərdə bərpa prosesi insanın rezervindən asılıdır: “Yəni xəstə cavandırsa və yanaşı xəstəlikləri yoxdursa, bərpa prosesi sürətli gedəcək və az qalıq əlamətlərlə yekunlaşacaq. Lakin yaşlıdırsa və yanaşı xəstəlikləri varsa, onun bərpası problemlidir. Bu, bəzən əlilliyə də səbəb ola bilər”.

Xəbər lenti