Xəzər Xəbər

Xarici diplomatlar Ağdam rayonuna səfər edib VİDEO

Veb TV | 21:09 • 13 İyun 2021
Xarici diplomatlar Ağdam rayonuna səfər edib

İyunun 13-də Azərbaycanda daimi əsasda akkreditə olunmuş və qeyri-rezident səfirlərin, hərbi attaşelərin və digərlərinin, ümumilikdə 120-dən çox xarici diplomatik nümayəndənin Ağdam rayonuna səfəri təşkil olunub.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və məşhur fotoqraf Reza Deqqəti diplomatlara işğal nəticəsində yaşayış məntəqələrinin, tarixi-mədəni obyektlərin dağıdılması, törədilmiş vandalizm aktları barədə yerində ətraflı məlumat veriblər.

Xarici diplomatik korpusun nümayəndələri Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində olublar. 

Onlar həmçinin Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların və eləcə də Ağdam Dram Teatrının binasının qalıqlarına baxıblar. Qonaqlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə geniş məlumat verilib. 

Diplomatlar Ağdam şəhər Cümə məscidində ermənilərin törətdikləri barbarlıqlarla da tanış olublar. Müsəlman ölkələrindən olan xarici  diplomatlar Ağdam şəhər Cümə məscidində namaz qılıblar.

Xarici diplomatlar Ağdama səfər zamanı Qiyaslı məscidini də ziyarət ediblər. Qonaqlara məscidin tarixi və ermənilərin törətdikləri barbarlıqlar barədə məlumat verilib.

Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Ağdama səfər çərçivəsində Dağüstü parkın salınacağı ərazidə və Şahbulaq qalasında da olublar. Nümayəndə heyəti əvvəlcə Dağüstü parkın salınacağı ərazidə olub. Bildirilib ki, burada açıq teatrın tikintisi nəzərdə tutulur. Gələcəkdə həmin teatrda müxtəlif muğam konsertlərinin təşkili planlaşdırılır. 

Səfər zamanı xarici diplomatlar həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsinə başlanmış bərpa və yenidənqurma işləri ilə yaxından tanış olublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti