Xəzər Xəbər

Avtomobillərin və mobil cihazların qeydiyyatı ilə bağlı rüsumlar dəyişdi - VİDEO

Veb TV | 20:14 • 2 Avqust 2018
Avtomobillərin və mobil cihazların qeydiyyatı ilə bağlı rüsumlar dəyişdi -

Baş nazir Novruz Məmmədov "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"nin təsdiq edilməsi barədə qərar imzalayıb. Həmçinin avtomobillərin qeydiyyat rüsumlarında da dəyişiklik var.

Xezerxeber.az-ın məlumatına görə, iyulun 31-dən, yəni dünəndən qüvvəyə minmiş qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müəyyən edilib.

Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilicək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək.

Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə də 20 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulur. Sözügedən təchizatları olan cihazlara görə isə rüsumlar fərqlidir:

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;

101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;

bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda -60 manat;

bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda -70 manat;

bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda - 100 manat;

bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu ödəniləcək.

Nazirlər Kabinetinin digər qərarı isə əsasən fiziki şəxslər tərəfindən alınan avtomobillərin qeydiyyatına görə rüsumların dəyişdirilməsi ilə bağlıdır.

Bundan sonra qeydiyyata almaq avtomobilin mühərrik həcminə görə müəyyənləşəcək. Belə ki, mühərrik həcmi 2 min kubsantimetrədək olan avtomobillər üçün 100 manat, mühərrikinin həcmi 3 min kubsantimetrədək olan avtomobillər üçün 100 manat, üstəgəl mühərrikin həcminin 2000-dən yuxarı olan hər kubsantimetrə görə 10 qəpik, mühərrikinin həcmi 4000 kubsantimetrədək olan avtomobillər üçün 200 manat, üstəgəl mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 qəpik, mühərrikinin həcmi 5 min kubsantimetrədək olan avtomobillər üçün 400 manat, üstəgəl mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 30 qəpik rüsum ödəniləcək.

Mühərrik həmci 5 min kubsantimetrdən yuxarı olan avtomobillərin qeydiyyatına görə isə 1500 manat rüsum ödənilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti