Xəzər Xəbər

Xarici ölkələrə ən çox hansı məhsullar satılır? VİDEO

Veb TV | 20:51 • 20 Noyabr 2017
Xarici ölkələrə ən çox hansı məhsullar satılır?

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində 2017-ci ilin 10 ayı ərzində qeyri-neft sektoru üzrə ixracda ciddi artım baş verib. Eyni zamanda mövsümü amillərdən dolayı payızda ixracın strukturunda da dəyişiklik olub. Oktyabr ayında fındıq ləpəsi, xurma kimi kənd təsərrüfatı məhsulları ixracda önə çıxıb. Bu faktlar iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin "ixrac icmalı"nda qeyd olunub. İxrac ilə bağlı digər faktlar isə növbəti xəbərimizdə.

Azərbaycan bu ilin ilk 10 ayı ərzində qeyri-neft sektorunun ixracından 1 milyard 219 milyon dollar əldə edib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 23 faizdən çox artım deməkdir.

Qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində bu ölkəyə 424 milyon ABŞ dolları dəyərində ixrac olub. Növbəti yerləri isə 243 milyon dollarla Türkiyə, 115 milyon dollarla İsveçrə, 108 milyon dollarla Gürcüstan və 48 milyon dollarla Türkmənistan bölüşür.

İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin hazırladığı "ixrac icmalı"nda məhsullarla yanaşı onları ixrac edən şirkətlərlə də bağlı da statistika əks olunub. qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseynin sözlərinə görə, bu sahəyə qeyri-dövlət sektorunun nüamyəndələriylə yanaşı fiziki şəxslərin də marağı böyükdür. Hesablamalar bir fiziki şəxsin tək ixracının 17 milyon dollara yaxın olduğunu ortaya çıxarıb.

Azexport.az portalına isə 10 ay ərzində 66 ölkədən 397.3 milyon dollarlıq ixrac sifarişləri daxil olub. Ən çox ixrac sifarişi nar şirəsi, müxtəlif meyvələrə və konservləşdirilmiş meyvə-tərəvəzlərə, kosmetik vasitələr, şərab, çay, qənnadı məhsulları, günəş paneli, tütün, ipək xalça, cemlər, boya, tibbi spirt, şəkər tozu və s. olub.

İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin departament rəhbəri Ramil Hüseyn, mətbuat konfransında bildirib ki, "İxrac İcmalı" sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.


Xəbər lenti