Xəzər Xəbər

Çin orbitə iki elmi-tədqiqat peyki buraxıb

Texnologiya | 15:10 • 25 İyul 2019
Çin orbitə iki elmi-tədqiqat peyki buraxıb

İyulun 25-də Çin kommersiya bərkyanacaqlı raketdaşıyıcı "Hiperbola-1”in vasitəsilə orbitə iki elmi-tədqiqat peyki buraxıb. 


Xezerxeber.az Sinxua agentliyinə istinadən xəbər verir ki, kosmik aparatların buraxılışı uğurla həyata keçirilib.


Çinin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) məlumatına görə, kosmik aparatların orbitə göndərilməsi "Aerokosmik elmi-texniki layihələr şirkəti” və Pekin Politexnik Universitetinin iştirakı ilə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 14:00) ölkənin şimal-qərbində yerləşən Qansu vilayətinin Tszyutsyuan kosmodromundan həyata keçirilib.


Bu, Çinin i-Space şirkətinin istehsalı olan kiçik həcmli dördpilləli "Heperbola-1” raketdaşıyıcısının kosmosa ikinci buraxılışıdır. Birinci buraxılış 2018-ci il mayın 13-də həyata keçirilib. Onun uzunluğu 20 metr, radiusu isə 1,4 metrdir. Raketdaşıyıcının faydalı yük əmsalı 300 kiloqramdır.


Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri hazırlayaraq milli kosmik proqramını durmadan inkişaf etdirir, habelə Ayın tədqiqini həyata keçirir. Bundan başqa, çinli alimlər asteroidlərin və Marsın öyrənilməsi üzrə layihələr reallaşdırır, 2020-2025-ci illərdə peyklərin bu göy cisimlərinin səthinə enməsini planlaşdırırlar.

Xəbər lenti