Xəzər Xəbər

İsmayıllıda şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

Region | 12:42 • 4 Avqust 2021
İsmayıllıda şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

AQTA-dan xezerxeber.az-a verilən məlumata görə, İsmayıllı rayonunda "Damla” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Aparılan baxış zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən edilib. Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Xəbər lenti