Xəzər Xəbər

Azərbaycan Premyer Liqası: Bu gün Bakıda 2 oyun keçiriləcək

İdman | 09:45 • 3 May 2021
Azərbaycan Premyer Liqası: Bu gün Bakıda 2 oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

İlk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Çempionluğa iddialı komandalardan "Neftçi" "Keşlə"nin qonağı olacaq. Hazırda 47 xalı olan flaqman lider "Qarabağ"dan üç xal geridədir. Meydan sahibləri isə 23 xalla 6-cı sırada qərarlaşıb.

Komandalar indiyədək çempionatda 65 dəfə üz-üzə gəliblər. Bunların 15-də "Keşlə", 35-də isə "ağ-qaralar" qələbə qazanıb. Topların nisbətində də "Neftçi"nin aşkar üstünlüyü var - 100:65. Meydan sahibləri Premyer Liqadakı son 4 matçda rəqibinə uduzub. “Neftçi” həm də ardıcıl 9 səfər matçında meydandan qolsuz ayrılmayıb.

Günün ikinci oyununda autsayder "Səbail" "Qəbələ"ni qəbul edəcək. "Qırmızı-qaralar" 24 xalla 5-ci, "dənizçilər" isə 21 xalla sonuncu-8-cidir.

Bu, komandaların Premyer Liqadakı 15-ci matçı olacaq. Əvvəlki 14 oyunun 3-də paytaxt klubu, 6-da əyalət təmsilçisi meydanı 3 xalla tərk edib. Topların fərqində "Qəbələ" üstündür - 24:15. Qonaqlar son 8 matçda meydanı qolsuz tərk etməyib. “Səbail”in meydanındakı son 4 oyunda hər iki komanda qol vurub.

Azərbaycan Premyer Liqası, XXV tur

3 may (bazar ertəsi)

18:00. “Keşlə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”

20:15. “Səbail” –“Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”

Qeyd edək ki, turun "Sumqayıt" - "Sabah" və "Qarabağ" - "Zirə" oyunları mayın 4-də keçiriləcək.

Xəbər lenti