"Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır"
XəzərXəbər xəbər
verir ki, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil
olunan rəsmi qəbulda çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirmişdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in
qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir. Həmçinin
2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatlar oxşar qərar və
qətnamələr qəbul etmişlər. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa
Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatlar var. Bu,
münaqişənin həlli üçün hüquqi bazanın yaradılması deməkdir. Biz
münaqişənin həlli üçün iqtisadi zəmin də yaratmışıq, güclü ordu
formalaşdırmışıq".
Prezident
bildirib ki, görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu
məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir. Məhz
bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir
dövlət qanunsuz Dağlıq Qarabağ rejimini tanımayıb:
"Biz
yaxşı bilirik ki, bu gün beynəlxalq hüququn normaları bir çox hallarda
pozulur, işləmir. Güc amili ön plana çıxır və bu, reallıqdır. Ona görə
dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı bizim mövqeyimizi dəstəkləməsi böyük nailiyyətimizdir. Hesab
edirəm ki, beynəlxalq hüququn normalarından başqa, burada güclü
Azərbaycan amili dayanır. Biz güclü dövlət qura bilmişik. Bir daha demək
istəyirəm ki, bizimlə əməkdaşlıq edən və etmək istəyən ölkələrin sayı
artır. Bizə hörmət artır, bizim işimizə göstərilən rəğbət göz
qabağındadır. Belə bir vəziyyətdə heç bir ölkə qanunsuz rejimlə heç bir
əlaqə qura bilməz və biz buna heç vaxt imkan verməyəcəyik. Biz heç vaxt
imkan verməyəcəyik ki, tarixi torpağımızda ikinci erməni dövləti
yaradılsın".
Dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır:
"Biz güclü ordu yaratmışıq. 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin
qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu
dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm
maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək
səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan
Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl
işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o
torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat
qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi.
Güclü
ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır.
Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün
müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir".