Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Rusiya
Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.
XəzərXəbər xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi
qeyd olundu.
Ötən il,
eləcə də bu ilin ilk rübünün nəticələrinə əsasən ticarət dövriyyəsinin
artmasını iqtisadi əlaqələrimizin genişlənməsinin yaxşı göstəricisi kimi
dəyərləndirən Prezident İlham Əliyev
bunun ümumilikdə ikitərəfli münasibətlərimizin inkişafının yaxşı
göstəricisi olduğunu vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin birgə
səmərəli fəaliyyəti nəticəsində iqtisadi əlaqələrin möhkəmləndiyini,
eləcə də ayrı-ayrı müəssisələr arasında əməkdaşlığın gücləndiyini dedi. Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Maksim Oreşkin bir daha prezident seçkilərində inamlı qələbəsi münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbriklərini dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, seçkilərin nəticələri Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasi və iqtisadi kursa xalq tərəfindən verilən
möhkəm dəstəyin təzahürüdür və Azərbaycanda hökm sürən sabitlik böyük
önəm daşıyır. Rusiyalı qonaq qeyd etdi ki, hətta Bakıya
son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq
istiqamətində irəliyə doğru bir sıra ciddi addımlar atılıb. Maksim
Oreşkin azərbaycanlı həmkarları ilə birgə məhsuldar fəaliyyətin həyata
keçirildiyini məmnunluqla vurğuladı.
Dövlətimizin başçısı
təbriklərə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Şimal-Cənub
beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və
digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.