Xəzər Xəbər

Şri-Lankada komendant saatı tətbiq edilib

Dünya | 18:11 • 21 Aprel 2019
Şri-Lankada komendant saatı tətbiq edilib

Şri-Lankada kilsə və hotellərdə törədilmiş silsilə partlayışlarla əlaqədar ölkədə komendant saatının tətbiqinə başlanılıb.


Xezerxeber.az xəbər verir ki, hökumətin təhlükəsizlik məsələləri ilə əlaqədar qəbul etdiyi qərara əsasən saat 18:00-dan səhər 6:00-dək komendant saatı qüvvədə olacaq.


Bundan başqa, yanlış məlumatların yayılmasının qarısının alınması məqsədi ilə ölkədə "Facebook" və "WhatsApp" da daxil olmaqla sosial şəbəkələrin və messencer xidmətlərinin fəaliyyəti blok edilib. Şri-Lanka Prezidentinin katibi Udaya Senevirant deyib ki, bu qərarlar müvəqqəti xarakter daşıyır.


Bildirilir ki, paytaxtdakı "Bandaranaike" beynəlxalq hava limanından bütün daxili uçuşlar təxirə salınıb. Yerli mətbuatın xəbərlərinə əsasən hüquq-mühafizə orqanları partlayışlarla əlaqəsi olmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.


Qeyd edək ki, aprelin 21-də səhər saatlarında 3 kilsə və 3 hoteldə, ardınca isə paytaxt Kolombonun kənar yaşayış hissələrində törədilmiş partlayışlar nəticəsində 200-dən çox adam ölüb, 500-ə yaxın insan yaralanıb. Kilsələrdə dini ayınlərin yerinə yetirildiyi vaxta təsadüf etdiyindən partlayış ölən və yaralananların sayının çox olmasına səbəb olub. Şri-Lanka əhalisinin təxminən 7,4 faizi xaçpərəstlər, onun da 82 faizi katoliklərdir.

Xəbər lenti

Çox oxunanlar