Xəzər Xəbər

Külək güclənir, qurumlar xəbərdarlıq edir - EHTİYATLI OLUN!

Cəmiyyət | 19:03 • 1 Dekabr 2021
Külək güclənir, qurumlar xəbərdarlıq edir - EHTİYATLI OLUN!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı proqnoz verib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxınlaşması ilə şimal-qərb küləyinin güclənəcəyi barədə xəbərdarlıq edilib.

Türkiyədə qasırğa nəticəsində xəsarət alanlar, hətta ölənlər olub. Təbii fəlakət körpülərin dağılmasına, binaların dam örtüyünün uçmasına və bir çox başqa hadisələrə səbəb olub. Nəzərə alsaq ki, Bakı küləklər şəhəridir, o zaman narahatlığa əsas yaranır. Fırtına və qasırğa tez-tez müşahidə edilməsə də, insanların sağlamlığına və əmlakına zərər dəyməsi ehtimalı var.

Bəs belə havalarda baş verə biləcək təhlükədən qorunmaq üçün nə ediməlidir? Hava şəraiti kəskin dəyişərsə, güclü külək üstünlük təşkil edərsə, qurumlar bu durumda hansı tədbirləri görəcəklər?

Şiddətli külək, fırtına zamanı küçədə olduğunuz zaman binaların, tikinti işləri gedən obyektlərin, sütunların, ağacların, elektrik kabellərinin altında dayanmamaq, mümkün qədər yeraltı keçidlərdən istifadə etmək tövsiyə edilir. Piyada uzun yol qət etmək təhlükəlidir. Güclü külək zamanı evin damına, açıq havada hündürlüyə çıxmaq məsləhət deyil. Güclü külək zamanı küçədə hərəkət etməyə məcbursunuzsa, külək tutmayan təhlükəsiz bir əraziyə keçib dayanmaq və ya hər hansı bərk borudan tutmaq lazımdır.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov bildirdi ki, Bakı Şəhər Yaşıllalaşdırma Birliyi tərəfindən paytaxtda ağacların budanması və ya götürülməsi prosesi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi əsasında həyata keçirilir:

"Lakin, xəstə və ya potensial təhlükə saçan ağacların müəyyən edilməsi məqsədilə şəhər ərazisində mütəmadi olaraq reydlər keçirilir:payız budanması, yaz budanması və xəstə ağacların götürülməsi prosesi icra edilir".

Hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirdi ki, Xəzər dənizi akvatoriyasında üzən  gəmilərində qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb:

“Gəmilər təhlükəsiz sığınacaqlardadırlar.Sabah günün ikinci yarısından etibarən küləkli hava şəraitinin səngiməsindən sonra gəmilərimiz fəaliyyətlərini bərpa edəcəklər”.

Qeyd edək ki, gərəkli olduqda hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciət edir. Qurum təhlükələrdən qorunmaq üçün diqqətli davranmağı, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Bakı Nəqliyyat Agentliyi də (BNA) küləkli hava şəraitində yol hərəkəti iştirakçılarını diqqətli olmağa çağırıb. Qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, piyadalara yolun hərəkət hissələrinə çıxmamaları, yolun qarşı tərəfinə keçərkən müəyyən olunmuş piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur:

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.Sürücülərə də tövsiyə edirik ki, hərəkətdə ikən yollarda müəyyən edilmiş sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin”./yeni musavat

Xəbər lenti