Xəzər Xəbər

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır

Cəmiyyət | 09:03 • 14 İyun 2021
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır

İyunun 14-də Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. İlk dəfə olaraq müəllim və şagirdlər bu əlamətdar hadisəni Vətən müharibəsində qalib gəlmiş xalqın övladları olaraq qeyd edirlər.

Təhsil Nazirliyindən xezerxeber.az-a bildirilib ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil məktəbində fəaliyyət göstərən 6110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub. 2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə “Son zəng” tədbirlərinin iyunun 14-də aşağıda göstərilən qaydalara əməl edilməklə təşkilinə icazə verilib:

- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;

- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.

“Son zəng” tədbirinin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və sair) təşkilinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

Təhsil Nazirliyi bununla bağlı rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verib.

Xəbər lenti