Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı
məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi
ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, məktəbin 6-cı sinif
şagirdləri "Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun
təsiri ilə damarlarını kəsiblər. Qeyd edək ki, internetdə yayılan
oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər
yetirməkdir. Hadisədən sonra valideynlərə diqqətli olmaları
tapşırılıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov
məlumatlara aydınlıq gətirib. "Noyabrın 27-də şagirdlərin ümumi
yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin
qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Hadisə ilə bağlı
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin yetkinlik
yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət
edilib”, - B.Məmmədov deyib. Hadisə ilə bağlı Bakı şəhəri üzrə
Təhsil İdarəsinə məlumat verilib, idarənin nümayəndələri məktəbə
göndərilib. Valideynlərə tövsiyə edilib ki, uşaqlara nəzarəti
gücləndirsinlər.
Məktəbdən isə bildiriblər ki, hazırda uşaqlarla psixoloji iş
aparılır, valideynlər məlumatlandırılıb. "Burda intihardan söhbət
getmir, sadəcə olaraq, uşaqların qolunda xəsarətlər var. Bunun
nədən yarandığı araşdırılır”.
Məktəbin məktəbdənkənar və sinifdən xaric işlər üzrə direktor
müavini Zülfüqar Zülfüqarov isə yalnız tədbirlər görüldüyünü, Bakı
şəhəri üzrə Təhsil İdarəsinin məlumatlandırıldığını söyləməklə
kifayətlənib. "Bu barədə yalnız Təhsil İdarəsi açıqlama verə bilər.
Bütün məlumatlar onlara göndərilib”.
Qeyd edək ki, oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı
gənc özünü asmışdı. Gəncin "Mavi balina” oynadıqdan sonra intihar
etdiyi iddia olunurdu. Onu da xatırladaq ki, yeniyetmələri hədəf
alan "Mavi balina” indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin
intiharına səbəb olub. Oyuna daxil olmaq istəyən şəxslərə "admin”
tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin
kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra
şantaj yolu ilə "oyunçu”dan verilən bütün təlimatları yerinə
yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının
öldürüləcəyi ilə qorxudulur. 76 saylı məktəbdə isə şagirdlərin bu
oyunun təsirinə düşüb-düşmədiyi araşdırmadan sonra bəlli
olacaq.
30-cu polis bölməsindən hadisə ilə bağlı açıqlama vermək
istəməyiblər. (virtualaz.org)