Elmdə elə mövzular var ki, sanki çox
asanmış kimi görünür, bir növ `popsa`laşır, filmlərdə, bədii əsərlərdə
süjetə çevrilir. Hər kəs elə bilir ki, vəssalam, bu haqda məlumatlıdır,
əslində isə söhbətin nədən getdiyini də təsəvvür etmir. Belə mövzulardan
biri də paralel kainatlar, yaxud, paralel dünyalar, paralel reallıqlar
mövzusudur.
Biz məsələyə sırf elmi yondən yanaşacaq və sadə dillə izah etməyə çalışacağıq.
İçində yaşadığımız kainatın təxmini diametrini təsəvvür etməyə çalışın.
Kobud götürsək, 14 milyard il bundan qabaq Böyük Partlama olubsa, onun
nəticəsində yaranan kainatın radiusu 14 milyard işıq ilindən çox ola
bilməz.(Bu yazıda `kainat` deyərkən mən Böyük Partlama nəticəsində
meydana gələn materiyadan formalaşmış kosmik strukturu nəzərdə
tuturam.)Demək, "bizim” kainat mərkəzi nöqtəsi Böyük Partlama olan
14 milyard işıq ili raduslu nəhəng sferanın içində yerləşir. Bu
sferanın diametri – yəni bir ucundan digər ucuna məsafə 28 milyard işıq
ili olacaq. Lap yaxşı. Bəs fəzada 50 milyard, 100 milyard işıq ili o
tərəfdə nə var? Axı kosmik məkan sonsuzdur...
Sonsuzluq – elmdə xüsusi kateqoriyadır. Biz sonsuzluq haqqında demək
olar ki, heç nə bilmirik. Yer kürəsi üçün tam doğru olan Nyuton fizikası
kosmosda işləmədiyi kimi,ənənəvi riyaziyyat da sonsuzluqda işləmir. Ona
görə də, sonsuzluqdan danışanda ortaya müxtəlif məntiqi və elmi
paradokslar çıxır.Təəssüf ki, bizim hələ sonsuzluğu təhlil edəcək
riyazi metodlarımız yoxdur.
Amma suala qayıdaq: diametri maksimum 28 milyard işıq ili olan"bizim”
kainatdan 100 milyard işıq ili o tərəfdə, 500 milyard işıq ili o
tərəfdə, 1 trilyon işıq ili o tərəfdə, 100 trilyon işq ili o tərəfdə nə
var, nə ola bilər?
Mümkündürmü ki, "Böyük Partlama” tək deyil, sonsuz məkanda sonsuz sayda
Böyük Partlamalar baş verir? Lap elə indi, siz bu yazını oxuyarkən 50
trilyon işıq ili uzaqlıqda daha bir Böyük Partlama baş verdi və yeni
kainat yarandı... Ola bilərmi?
Elm bunu istisna etmir. Bu fikri müdafiə edən nəzəriyyə "Multivers
nəzəriyyəsi” adlanır. Həmin nəzəriyyəyə görə, bizim kainata başlanğıc
verən Böyük Partlama sonsuz sayda o cür partlamalardan sadəcə,
biridir.Şəxsən mən məhz bu nəzəriyyənin tərəfdarıyam, çünki o, kainatın
"həssas köklənmə” fenomenini asanlıqla izah edə bilir. Yəni sual
budur:Bizim kainatın fundamental fiziki parametrləri sanki bilərəkdən
elə köklənib ki, burada həyat yarana bilsin. Elə isə bunu kökləyən
kimdir?Bu sual Multivers nəzəriyyəsi çərçivəsidə öz əhəmiyyətini
itirir: Əgər sonsuz məkanda sonsuz sayda kainatlar yaranırsa, onların
birində parametrlərin həyat üçün əlverişli alınmasında təəccüblü heç nə
yoxdur. Çünki sonsuzluqda hər şey mümkündür.
Amma mövzudan uzaqlaşmayaq. Multivers nəzəriyyəsiparalel kainat, yaxud,
paralel reallıq demək deyil. Bu, elə bizim içində olduğumuz reallıqdır,
sadəcə, o qədər uzaq məsafələrdən söhbət gedir ki, onu yoxlamaq, yaxud
hansısa bir formada əlaqə yaratmaq mümkün deyil.Yüz milyard işıq ili
elə bir məsafədir ki, heç kainatların ömrü bu qədər olmur. Biz yüz
milyard işıq ili uzaqlıqda nəyinsə olub-olmadığını yoxlamağa qalxsaq,
indiki vasitələrlə cavab əldə edənə qədər içində yaşadığımız kainat
ömrünü başa vuracaq.
Paralel kainat tamam ayrı bir nəzəriyyədir. Bu, nəhəng məsafələrlə yox,
əksinə, çox kiçik ölçülərlə - kvant dünyası ilə bağlıdır. Məhz kvant
aləmində müşahidə olunan bəzi paradoksları izah etmək üçün paralel
reallıqların mövcud ola biləcəyi fikri irəli sürülmüşdü.
Təsəvvür edin ki, hansısa bir qərar qəbul etməlisiniz. Məsələn, evə
metro ilə gedim, yoxsa avtobusla? Bu ilk baxışdan sadə seçim sizin
həyatınızda sonsuz variantlar çoxluğu yarada bilər. Məsələn, avtobusa
mindiniz, orada keçmiş sinif yoldaşınızla rastlaşdınız, o, düşüb bir az
parkda gəzməyi təklif etdi, gəzərkən əks cinsdən bir insanla tanışlıq
alındı... Həyatınızı dəyişəcək səbəb-nəticələr ardıcıllığı yaşandı. Amma
metro ilə getsəniz, necə olacaqdı?
1954-cü ildə Prinston universitetinin tələbəsi, sonralar tanınmış fizik
Hyu Everett kvant mexanikasında müşahidə olunan paradokslara – xüsusilə
də superpozisiya prinsipinə,- mücərrəd riyazi modellərlə yox, real
dünyanın anlayışları çərçivəsində izahat tapmaq istəyir. Məsələn, niyə
elementar zərrəciyin dəqiq yerini hesablaya bilmirik?
(Kvant mexanikasının çaşdırıcı qatlarına getmədən, qısaca deyək ki,
elementar zərrəciklərin bir neçə parametri olur: sürəti, mövqeyi, spini
və s. Onların birini müəyyən edəndə, o biriləri hesablamaq mümkün
deyil.)
Everett belə bir ehtimal irəli sürür:elemantar zərrəciklər ola
biləcəkləri bütün mümkün yerlərdə eyni zamanda mövcuddurlar, sadəcə, hər
ölçmə zamanı potensial variantlardan ancaq biri reallaşır.Və hər dəfə
hansısa variant reallaşanda kainat ikiyə ayrılır: onun birində foton A
nöqtəsində qalmaqda davam edir, ikincisində isə eyni foton B
nöqtəsindədir. "Bizim” kainatdakı alim eyni fotonu A, digər – paralel
kainatdakı alim isə B nöqtəsində tapır. Bu kainatlar, aydındır ki,
sonsuz sayda olacaq və onların hər biri realdır, digərlərindən asılı
olmayan şəkildə mövcuddur.
Sual çıxır: bu, elementar zərrəcik üçün mümkündürsə, materiya da
elementar zərrəciklərdən ibarətdirsə, onda bütövlükdə kainat üçün niyə
mümkün olmasın?
Əgər Everettin bu yanaşması düzdürsə, o deməkdir ki, bizim hər
birimizdən sonsuz sayda var, hər biri öz kainatında müstəqil şəkildə
mövcuddur. Və indi kainatların hansısa birində Vüsal Məmmədov ateist
deyil, beşqat hacıdır; digər bir paralel kainatda isə Ancelina Coli ilə
baş-başa verib, 9 dənə yetim zənci balasını böyüdürlər.
Buradan çox dərin və uzağa gedən nəticələr çıxır. Çünkiəgər Everettin
nəzəriyyəsində hətta qismən də olsa, həqiqət varsa, biz "Reallıq nədir?”
kimi sərt və ciddi bir sualla üzbəüz qalırıq.Əgər paralel kainatlar
gerçəklikdirsə, elə bir reallıq da var ki, orada siz bu məqalənin
oxucusu yox, müəllifisiniz. Başqa bir reallıqda Donald Trampın
seçki kampaniyasını siz maliyyələşdirmisiniz. Digər reallıqda artıq
tibb o həddə çatıb ki, siz ölümsüzsünüz. Vəəgər bunların hamısı
reallıqdırsa, onda `əsl` reallıq hansıdır?
Bəs real foton hansı idi?! Hamısı!
Qayıdaq bayaqkı `metro, yoxsa avtobus` dilemmasına. Everettin
nəzəriyyəsinə görə,Siz həmin qərarı qəbul edən anda kainat ikiləşib.
Avtobusla gedən Siz bir reallıqda, metro ilə gedən Siz isə başqa,
paralel reallıqda həyatınıza davam etmisiniz.Bunların hər ikisi də eyni
dərəcədə realdır.
Bu nəzəriyyə doğru ola bilərmi? Belə deyək:elm onun doğru ola
biləcəyini istisna etmir. Yəni paralel kainatların mövcudluğunu qadağan
edən heç bir fundamental qanun yoxdur.Amma digər tərəfdən, bu, hələ
özlüyündə paralel dünyaların var olması anlamına da gəlmir. Çox təəssüf
ki, biz bu nəzəriyyəni yoxlaya, təsdiq və ya təkzib edə bilmirik. Amma
bu, hər halda, fərziyyə yox, məhz nəzəriyyədir, real müşahidə olunan
paradoksu izah etmək üçün irəli sürülən və elmi olaraq mümkünlüyü rədd
edilməyən bir nəzəriyyə.
Everettin sağlığında(o, 1982-ci ildə bezmiş və həyatdan küskün halda dünyasını dəyişib)bu
nəzəriyyə ən yaxşı halda elmi fantastika sayılırdı. Amma elementar
zərrəciklərin təbiətini izah etmək üçün "sim nəzəriyyəsi”nin,
çöxölçülüyün(alimlər elementar zərrəciklər dünyasında 3 yox, 11, hətta 26 məkan ölçüsünün ola biləcəyindən danışırlar)ciddi
qəbul edildiyi müasir dünyada Everettin fikirlərinə də ciddi yanaşılır.
Çağdaş dünyanın Stiven Houkinq, Brayan Qrin, Maks Teqmark, Mitio Kaku,
Nil de Qrass Tayson, Leonard Sasskind kimi çox işıqlı beyinləri paralel
kainatların mövcud ola biləcəyinin mümkünlüyünü istisna etmirlər.
Amma istər-istəməz sual çıxır: paralel reallıqlar varsa, ora necə düşmək
olar? Bu sualın əsasında xeyli ezoterik təlimlər qurulub. Amma hazırda
sualın elmi mahiyyəti yoxdur. Nə qədər ki, paralel reallıqların varlığı
eksperimantal metodla təsdiqlənməyib, ora düşməyin hansısa yolu haqqında
elmi müzakirə açmağa da dəyməz.
publika.az