Xəzər Xəbər

Erməni lobbisi ilə əməkdaşlıq edən şəxslərin Azərbaycanda terror planı ifşa edildi VİDEO

Veb TV | 21:43 • 25 Mart 2024
Erməni lobbisi ilə əməkdaşlıq edən şəxslərin Azərbaycanda terror planı ifşa edildi

Xaricdən tapşırıqlar alan şəxs Azərbaycanda terror aktları törətməyə cəhd edib.

Xezerxeber.az-ın məlumatına görə, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış Əskərov Bəhruz Əliməmməd oğlu əvvəlcədən Lənkəran şəhərində özünə tərəfdaşlar toplayaraq Lənkəranın icra başçısını öldürməyi planlaşdırıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilib. Araşdırmalar zamanı Azərbaycan vətəndaşı olan Bəhruz Əskərovun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb. Onun tapşırığına əsasən Aslan Qurbanov Lənkəranın icra başçısını daim izləyərək ona məlumat verib. Onlar icra hakimiyyətinin başçısını öldürdükdən sonra ölkəni tərk etməyi planlayıblar.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

İstintaqla müəyyən edilib ki, Bəhruz Əskərov Livanda olan erməni lobbisi ilə sıx əməkdaşlıq edib.

DTX tərəfindən görülən tədbirlər nəticəsində Bəhruz Əskərov planladığı suiqəsdləri və  sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini həyata keçirə bilməyib. Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti