Xəzər Xəbər

Taksi sürücüləri nağdsız ödənişdən qaçır - Sərnişinləri narahat edən bu problem həll ediləcəkmi? VİDEO

Veb TV | 20:26 • 14 Yanvar 2022
Taksi sürücüləri nağdsız ödənişdən qaçır - Sərnişinləri narahat edən bu problem həll ediləcəkmi?

Bəzi sərnişinlər nağdsız qaydada ödəniş edərək taksi sifariş verdikləri zaman problemlərlə qarşılaşırlar. Sürücülər ödənişin kartla olduğunu bildikdən sonra sifarişdən imtina edirlər. Bu zaman isə müştərilər həm vaxt itirirlər, həm də sürücülərlə onlar arasında mübahisələr yaranır. Bəs belə taksi sürücülərinin sifarişdən imtina etmələrinə səbəb nədir?

Xezerxeber.az-ın məlumatına görə, nağdsız taksi sifarişində məqsəd ünvana daha tez çatmaqdır. Ancaq onlayn sifariş verib dəqiqələrlə taksi gözlədiyin bir vaxtda, məlum olur ki, taksi sürücüsü verdiyin sifarişdən imtina edib.

Belə hallarla qarşılaşanların sayı heç də az deyil.Onların sözlərinə görə, mobil telefonla onlayn sifariş verilən zaman sürücü ödənişin nağdsız olduğunu biləndə buna görə də həmin sifarişdən imtina edir.

Onlayn taksi xidmətindən istifadə edən vətəndaşlar bildirir ki, həmin sürücülər sifarişdən imtina etmələrinin səbəblərini məsafənin və qiymətin sərf etmədiyi ilə əlaqələndirirlər.

Bu işlə məşğul olan sürücülərin isə məsələyə fikirləri müxtəlifdir.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bu cür problemlərin yaranmasına əsas səbəblərdən biri müəyyən şirkətlərə qoşularaq onlayn qaydada taksi fəaliyyəti göstərən sürücülərin əksəriyyətinin gündəlik olaraq nəğd pula ehtiyac duymasıdır. Digər bir məsələ isə müştərilər tərəfindən kartla ödənilən ödənişlərin şirkət tərəfindən sürücülərə ödənilməsində gecikmələrin olmasıdır.

Bir neçə taksi şirkətindən isə ''Xəzər Xəbər''ə bildirildi ki, problemlə qarşılaşan müştərilər sifariş zamanı  həm şirkətlə birbaşa əlaqə saxlaya, həm də mobil tətbiqdə olan xanalarda şikayətlərini qeyd edə bilərlər.

"Şikayətlərin doğruluğu təsdiq olunduğu halda, sürücü ya cərimə olunacaq, ya da işdən uzaqlaşdırlacaq",- deyə qeyd edildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Çox oxunanlar