Xəzər Xəbər

Bağçada uşağa qarşı şiddət qalmaqala səbəb oldu - tərbiyəçi ilə bağlı qərar verildi VİDEO

Veb TV | 20:37 • 14 Yanvar 2022
Bağçada uşağa qarşı şiddət qalmaqala səbəb oldu - tərbiyəçi ilə bağlı qərar verildi

İsmayıllıda bağçada körpələrdən birinə qarşı şiddət göstərilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında qeydə alınıb.

Müəssisənin tərbiyəçi-müəlliməsi Zülfiyyə Baxışova uşaqların yemək yeyən yerdə şəklini çəkib paylaşırmış. Görüntülərdən aydın olur ki, o, şəkil çəkmək üçün azyaşlıya çörəyi ağzında saxlamasını israr edir. Sözünə əməl etmədiyinə görə isə qadın uşağın başına sillə vurur. Bu görüntülər kənardakı başqa şəxs tərəfindən mobil telefonla çəkilib və sosial şəbəkələrdə paylaşılıb.

Övladları həmin bağçaya gedən valideynlər bu əməlin yolverilməz olduğunu bildirirlər.

 Bağçada çalışan digər təbiyəçi Nahidə Zahidova uşağa qarşı kobud davranışın təəssüf doğurduğunu vurğulayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, rayon polis şöbəsinin təhqiqat qrupu bağçada olub, müvafiq sorğu və izahatlar alınıb. Onun sözlərinə görə, üç yaşlı uşağı vuran 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovadır.

''Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək"- deyə DİN rəsmisi vurğulayıb.

Təhsil Nazirliyindən isə bildirilib ki, Zülfiyyə Baxışova ilə bağlanmış əmək müqaviləsinə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, azyaşlı ilə kobud rəftar etdiyinə görə xitam verilib. Nazirlik uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.

Məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də münasibət bildirilib.

Qeyd edək ki, sözügedən bağçanın sosial şəbəkə hesablarında müxtəlif uşaqların yemək yedikləri yerdə çəkilmiş şəkilləri paylaşılıb. Şəbəkə istifadəçiləri həmin şəkillərin də ''sillə metodu'' ilə çəkilməsi ehtimalından narahatdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti