Xəzər Xəbər

Zəngəzur dəhlizi, sərhəd və... - Paşinyan nə demək istəyir? VİDEO

Veb TV | 22:51 • 24 Noyabr 2021
Zəngəzur dəhlizi, sərhəd və... - Paşinyan nə demək istəyir?

Cəmi 44 gün sürən vətən müharibəsində Ermənistan xalqı, dövləti və ordusu haqqında bütün miflər dağıldı. Qorxmaz dedikləri xalq qorxdu, yenilməz dedikləri ordu darmadağın edildi, "torpaqlara sahib olanlar o torpaqların yiyəsidir" deyən Nikol Paşinyanın müharibə dövründə əlindən telefon düşmədi, çox sayda ölkə liderinə imdad üçün ağız açdı, sonda isə mücərrəd məkanda, gecənin bir yarısında kapitulyasiya aktına imza atmalı oldu. Lakin xalqının xislətini yaxşı mənimsəmiş Paşinyan da, xalqı da, bu dövlətin müxalifəti də indi özlərini o qara günlərini unutmuş kimi aparırlar. 

Nikol Paşinyan ötən gün facebook vasitəsi ilə erməni xalqının suallarını cavablandırarkən yenidən əsassız iddialar irəli sürməyə, qeyri-konstruktiv mövqe sərgiləməyə, ən əsası da, imza atdığı kapitulyasiya aktının bir çox bəndini pozmağa davam edən bəyanatlar səsləndirdi. Noyabrın 26-da Soçidə keçirilməsi gözlənən Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində Paşinyanın Azərbaycana qarşı aqressiya püskürməsi onun daxili auditoriyanı sakitləşdirməyə hesablanan bəyanatlarıdır. Politoloq Murad Sadəddinov deyir ki, son günlər Ermənistanda müxalifət də Paşinyanı yeni sənəd imzalamaqdan çəkindirməyə çalışır ki, bu da zəif iradəli siyasətçi olan Nikolun mövqeyinə təsir edib, onu daha da destruktiv edib. 

Paşinyan öz nitqində Qarabağı yenə də "Artsax" adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirib. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətin açıq nümunələridir. Politoloq Elxan Şahinoğlu da Paşinyanın ötəngünkü açıqlamalarını bölgədə sülhün təmin olunması üçün nəinki maneə sayır, hətta bəzi məqamlarda Ermənistan liderinin iddialarını sülhə və təhlükəsizliyə təhdid hesab edir. Belə ki, Paşinyan kommunikasiyaların açılmasında Ermənistanın maraqlı olduğunu desə də, bəyanatda əksini tapan Zəngəzur dəhlizi ilə bağlı əsassız iddialar irəli sürür. Bu isə ard-arda keçirilməsi gözlənən danışıqlar prosesində Emrənistanın yenə də yüksək nəticələrin əldə olunmasına mane olmaq istəyini göstərir. 

Qeyd edək ki, hazırda Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışan Ermənistanın bu addımı 2020-ci il 10 noyabr bəyanatında bu ölkənin pozduğu tək bənd deyil. Qarabağ bölgəsində silahlı birləşmələrini saxlamaqda iddialı görünən Ermənistan yekun sülh sazişinin imzalanmasına mane olur. Əlbəttə ki, sonuncu dərsini noyabrın 16-da sərhəd təxribatında alan Ermənistan Azərbaycanın prinsipial mövqeyindən də xəbərdardır. İndi Paşinyanı sülhdən daha çox, noyabrın 16-da naməlum istiqamətdə itkin düşən və 24+8 formatında adlandırdığı 32 hərbçinin aqibəti maraqlandırır.. 

 

 

Xəbər lenti