Xəzər Xəbər

Polis sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi: Bu cür dələduzluq... VİDEO

Veb TV | 20:12 • 24 Noyabr 2021
Polis sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi: Bu cür dələduzluq...

Bakıda instaqramda 40 min izləyicisi olan sosial şəbəkə hesabı oğurlanıb. Hesab bir gözəllik salonuna məxsus olub. Maraqlısı bundadır ki, səhifəni oğurlayan şəxs ''pul müqabilində şifrəni qaytara bilərəm'' deyib. Zərərçəkmiş iddia edir ki, belə fırıldaqçılar çoxdur və hər gün bu cür faktlara rast gəlinir. 

İnstaqramda çox sayda izləyicisi olan gözəllik salonuna məxsus hesab oğurlanıb.

Hadisə paytaxt sakini Məmmədsan Həsənovun başına gəlib. O deyir ki, 40 min izləyicisi olan sosial şəbəkə hesabı naməlum şəraitdə oğurlanıb. Onlar salonun səhifəsində gördükləri işi paylaşmaq istəyəndə ''instagram''a daxil ola bilməyiblər. Məlum olub ki, səhifənin şifrəsi dəyişdirilib.

Məmmədsan Həsənov dəfələrlə həmin şəxsdən səhifəni qaytarmasını tələb etsə də, o, buna məhəl qoymayıb. Zərərçəkmiş həmin şəxslə ''votsap'' yazışmalarını da bizə təqdim edib. Məcbur qalan zərərçəkmiş ''102 xidməti''nə müraciət edib. Məmmədsan Həsənov Masazır qəsəbəsində olduğundan onu ərazi üzrə Abşeron rayon polis idarəsinə dəvət ediblər. Məmmədsan Həsənov daha sonra ''facebook'' şirkətinə rəsmi olaraq müraciət edib və oğurlanan səhifəni geri qaytarıb.

Biz də həmin sosial şəbəkə hesabını oğurladığı iddia edilən şəxslə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə zəng vursaq da, o, telefona cavab vermədi.

Məsələ ilə bağlı Abşeron rayon polis idarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, rəsmi şikayət əsasında araşdırma aparılır. Qeyd edək ki, həmin şəxsin əməli sübuta yetirilərsə, o, Cinayət Məcəlləsinin 273-1.3-cü maddəsinə uyğun olaraq, 2 min manatdan 3 min manata qədər cərimə oluna və ya 2 ilədək müddətdə azadlıqdan məhrum edilə bilər.

 

Xəbər lenti