Xəzər Xəbər

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti azaldılacaq VİDEO

Veb TV | 19:42 • 17 May 2021
Bakının bəzi küçələrində avtomobillərin hərəkəti azaldılacaq

Yaxın zamanlarda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tam azaldılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu 6-cı Qlobal Yol Təhlükəsizliyi həftəsinə dair tədbirdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Qeyd edilib ki, bu ilin birinci rübündə baş verən yol nəqliyyat hadisələrinin 37,8 faizini piyadavurma təşkil edib.

Piyadaların rahat hərəkət etməsi üçün 130 kilometr səkidə müvafiq işlər görülüb. Hədəf isə paytaxtdakı bütün səkilərdə təhlükəsizliyin təmin edilməsidir. 2020-ci ildə 22 orta məktəbin ətrafında piyadaların təhlükəsiz hərəkəti məqsədi ilə tədbirlər görülüb. Nəticədə 35 mindən çox şagird, tələbə və təhsil işçisinin təhlükəsizliyi təmin olunub. Yaxın zamanlarda isə bəzi küçələrdə ümumiyyətlə nəqliyyat vasitələrinin istifadəsi azaldılacaq. Xaqani parkının ətrafında da tam olaraq nəqliyyatsız piyada zonasının yaradılması planlaşdırılır.

Bununla bağlı layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Piyada zonalarının yaradılması Bakının Baş planına da daxil edilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, Bakı şəhərində velosiped zolaqlarının inkişafı konsepsiyası da həm Bakının Baş planında, həm də agentliyin strateji inkişaf planında öz əksini tapıb.

İctimai nəqliyyatın vəziyyətindən də danışan Vüsal Kərimli qeyd edib ki, son 5 ildə istismarda olan avtobusların 46 faizi yenilənib. Bunların da 74 faizi ekoloji cəhətdən daha təmiz yanacaq növü olan sıxılmış qazla işləyir. Bundan sonra isə alternativ enerji növləri ilə qidalanan avtobuslardan da istifadə ediləcək. Qarşıdakı illərdə pilot layihə olaraq elektriklə işləyən 2-3 ədəd avtobus xəttə buraxılacaq. Paytaxda avtobus zolaqları da artırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti