Xəzər Xəbər

Yevlaxda üzümçülük təsərrüfatının işçiləri çətin vəziyyətlə üzləşiblər - VİDEO

Veb TV | 20:51 • 25 Aprel 2020
Yevlaxda üzümçülük təsərrüfatının işçiləri çətin vəziyyətlə üzləşiblər -

Yevlaxda üzümçülük təsərrüfatında çalışan işçilər qeyri-müəyyən vəziyyətlə üzləşiblər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Yevlaxın Ərəş kəndində üzümçülük təsərrüfatında müqavilə əsasında günəmuzd qaydada çalışan sakinlərdən gedir.

30-dan artıq muzdlu işçi illərdir ki, kəndin yaxınlığında yerləşən 100 hektarlıq üzümçülük təsərrüfatında çalışır. Onlar gördükləri işə uyğun gündəlik 8-10 manat civarında qazanc əldə edirdilər. Lakin karantin elan olunduğu andan bəri qaydalara əməl edərək çalışdıqları təsərrüfata getmirlər. Ancaq onlar nə əmək müqaviləsi əsasında günəmuzd işləyənlərə şamil olunan hüquqlardan, nə də müvəqqəti işsiz statusu daşıyan şəxslərə şamil olunan imtiyazlardan yararlana bilirlər.

Üzüm bağında uzun illər çalışan sakinlər hazırda çətin vəziyyətdə olduqlarını deyirlər.

Üzümçülük təsərrüfatının bölgə rəhbəri Nizaməddin Cabbarov isə "Xəzər Xəbər"ə bildirib ki, sahədə iş olan zaman işçilər işə dəvət edilir. Onlar gündəlik gördükləri işin pulunu alırlar. O ki qaldı evdə qaldıqları üçün işçilərə ödənilməli olan vəsaitə, onunla bağlı hələlik üzümçülük təsərrüfatına dövlət tərəfindən vəsait ödənməyib.

Dövlət Vergi Xidmətindən isə bildirilib ki, pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektləri İnternet Vergi İdarəsindəki şəxsi kabinetlərində yaradılmış müvafiq ərizə formasını doldurub onlayn qaydada göndərməlidirlər. Ənənəvi məktubla müraciət qəbul olunmur. Bundan sonra bütün müraciətlər yoxlanır və şərtləri yerinə yetirən vergi ödəyicilərinə ödənişlər həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti