Xəzər Xəbər

Əhalinin sağlamlığına ziyan vura biləcək sexlər ifşa edilir - VİDEO

Veb TV | 20:30 • 16 Avqust 2019
Əhalinin sağlamlığına ziyan vura biləcək sexlər ifşa edilir -

Bərdədə saxta spirtli içki emal edən sex aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunda monitorinqlər keçirib.

Monitorinq zamanı Cəlil Məmmədquluzadə küçəsi ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb. Baxış zamanı məlum olub ki, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır.

Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, yaşayış sahəsindən spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən yüzlərlə şüşə butulkalar, 100 litr həcmdə etil spirti, kənd təsərrüfatında istifadə olunan dərman maddələrinin qablaşdırılması üçün nəzərdə tutulan 100 litrlik boş çəllək müəyyən edilib.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Agentlik əməkdaşları Abşeron rayonu, Xırdalan şəhərində də monitorinq keçiriblər. Yoxlama zamanı Rəşid Behbudov küçəsi, yoncalı yaşayış massivində fəaliyyət göstərən fiziki şəxs Ağayev Rüfət Seyfəddin oğluna məxsus "Qidam" əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçirilib. Araşdırma nəticəsində Müəssisədə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Müəssisənin istehsal və anbar sahələrinə baxış zamanı isə istifadə olunan avadanlıqların paslandığı və kifləndiyi aşkar olunub. Həmçinin sexdə qablaşdırma sahəsi ilə eyni yerdə yerləşən anbarda qəndin çirklənməsinin qarşısınının alınması məqsədi ilə hər hansı tədbir görülmədiyi müəyyən edilib. Müəssisənin yararsız vəziyyətdə olan döşəməsində su yığıldığı və bunun da patogen mikroorqanizmlərin inkişafına və bioloji çirklənməyə yol açdığı müşahidə olunub. Eyni zamanda məlum olub ki, texnoloji prosesin sonunda doğranmış qənd ələkdən keçirilərək antisanitar vəziyyətdə olan plastik yeşiklərə qoyulur. Aşkar olunan nöqsanlara görə, müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, qənd istehsalı sexinin fəaliyyəti isə məhdudlaşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti