Xəzər Xəbər

II Qareginin ofisinə hücum çəkdilər Ermənistanda ara qarışdı - VİDEO

Veb TV | 20:53 • 19 Noyabr 2018
II Qareginin ofisinə hücum çəkdilər

Ermənistanda ictimai-siyasi vəziyyət gündən-günə gərginləşir. Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib. Onlar II Qaragenin agent olduğunu iddia ediblər. Ermənistan parlamenti isə II Qareginin mühafizə məsələsini rədd edib. Həmçinin, Ermənistanın dövlət mühafizə xidmətinin rəis müavini Vaçaqan Kazaryan korrupsiyada ittiham olunaraq, yenidən həbs edilib.

II Qaregin kilsəyə layiq deyil.

Erməni mediasının məlumatına görə, "Yeni Ermənistan, yeni patriarx" devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsədən uzaqlaşdırılmasını tələb ediblər. Aksiya iştirakçılarının iddialarına görə, o, agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx "məxməri" inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunur.

Erməni deputatlar da II Qareginə qarşı çıxıblar. Parlamentin son iclasında katolikosun mühafizəsi haqqında qanun layihəsi qəbul olunmayıb. Qızğın müzakirələr zamanı Respublikaçılar Partiyanın sədr müavini Eduard Şarmazanov və bir neçə deputat iclas zalını tərk edib. Onlar sənədin qəbul olunmamasına görə Nikol Paşinyanın "Çıxış" fraksiyası və tərəfdarlarını qınayıblar. "Çıxış" fraksiyasından isə bildiriblər ki, katalikos mühafizə məsələsini özü düşünməlidir və bu, dövlətin işi deyil. Respublikaçı Marqarit Esayan isə baş nazir Nikol Paşinyanı da mühafizə xidməti xərclərindən imtina etməyə çağırıb.

Bu arada, Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini, sabiq prezident və baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olmuş general-mayor Vaçaqan Kazaryan yenidən həbs edilib. Kasasiya Məhkəməsi Kazaryanın həbsi barədə prokurorluğun şikayətini təmin edib. Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini gəlirlərin gizlədilməsi və qanunsuz yolla varlanma maddələri ilə ittiham olunur. Kazaryanın evində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 35 milyon dram, 1 milyon 110 min dollar, 230 min 500 avro nağd pul tapılıb. Bank hesabında isə Kazaryanın 436 milyon dram vəsait saxladığı aşkarlanıb. Qeyd edək ki, Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini daha əvvəl həbs edilsə də, iyulun sonlarında 2 milyon dollar girov müqabilində azadlığa buraxılmışdı.

Xəbər lenti

Çox oxunanlar