Xəzər Xəbər

BNA: Yeni tələblər sərnişinlərin ictimai nəqliyyatdan təhlükəsiz istifadəsi məqsədi daşıyır

İqtisadiyyat | 17:41 • 7 Mart 2019
BNA: Yeni tələblər sərnişinlərin ictimai nəqliyyatdan təhlükəsiz istifadəsi məqsədi daşıyır

Yeni tələblər sərnişinlərin ictimai nəqliyyatdan təhlükəsiz istifadəsi məqsədi daşıyır.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənən "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”i AZƏRTAC-a şərh edərkən deyib.


O deyib: "Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması daim dövlətin diqqət mərkəzindədir. Ölkə başçısının birbaşa diqqət və qayğısı sayəsində son illər sərnişinlərin ictimai nəqliyyatdan təhlükəsiz, rahat istifadəsinin təşkili məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, Nəqliyyat Mübadilə Mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair hazırlanan tələblər də bu məqsədə xidmət edir. Eyni zamanda, ölkə başçısının vətəndaşlara layiqli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi işinə verdiyi önəmin növbəti təzahürüdür. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilən tələblər mövcud normativ-hüquqi aktların tələbləri nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında hazırlanıb və sərnişindaşımanın təşkilinə dair mühüm əhəmiyyət kəsb edir”.


M.Ağayevin sözlərinə görə, son 10 ildə bu məzmunda ilk belə sənəd olan qərarla təsdiq edilən tələblər nəqliyyat infrastrukturunda texniki yeniləşmələrə üstünlük verilməklə dünya standartlarına uyğun təkmilləşdirilməni və dinamik inkişafa nail olunmağı özündə əks etdirir. Tələblərlə bağlı təkliflər sərnişin daşınmasının təşkilində inkişaf etmiş ölkələrin təcrübəsi təhlil edilərək və yerli amillər nəzərə alınmaqla hazırlanıb. Tələblərin icrası sərnişindaşıma və yol hərəkətinin təşkilində keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelinin formalaşdırılmasına imkan verəcək. Hüquqi qüvvəyə minən tələblərin icrası üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün zəruri addımlar atılır”.


"Bildirilir ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobili ilə sərnişindaşıma sahəsində mövcud vəziyyət nəzərə alınmaqla müəyyən müddət ərzində qərarla təsdiq edilən tələblər tədricən icra edilməlidir. Belə ki, sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcılar mövcud çatışmazlıqları aradan qaldırmalı və fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmalıdır. Bu isə dövlətin bu sahədə çalışan hüquqi və fiziki şəxslərə münasibətdə bir daha liberal mövqedən yanaşmasının göstəricisidir. Onu da qeyd edək ki, ötən 3 il ərzində daşıyıcılara sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin artırılması ilə bağlı mütəmadi olaraq yazılı və şifahi xəbərdarlıqlar edilib”, - deyə o əlavə edib.


M.Ağayev vurğulayıb ki, bu tələblər dövlətin şəhər nəqliyyatının müasir informasiya texnologiyalarının imkanlarının tətbiqi ilə dayanıqlı inkişafına xidmət edəcək.

Xəbər lenti

Çox oxunanlar