Xəzər Xəbər

Məktəbdə 1-ci sinif şagirdinin ölümünə görə ustaya cinayət işi açılıb

Hadisə | 11:40 • 23 May 2022
Məktəbdə 1-ci sinif şagirdinin ölümünə görə ustaya cinayət işi açılıb

Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin birinci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun cari il fevralın 8-də təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Cəlilabad Rayon Prokurorluğunun xezerxeber.az-a daxil olan məlumatında bildirilib ki, istintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti