Xəzər Xəbər

Dövlət qurumları Bakıda dilənən uşağa görə səfərbər oldular

Hadisə | 10:53 • 15 Oktyabr 2021
Dövlət qurumları Bakıda dilənən uşağa görə səfərbər oldular

Sosial şəbəkələrdə Bakıda dilənən bir uşağın görüntüləri yayılıb.

XəzərXəbər xəbər verir ki, yayılan fotoda əks olunan oğlanın “Nizami” metrosunun girişində diləndiyi bildirilib. İddia olunur ki, uşaq narkotik vasitələrdən istifadə edir.

Məsələyə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə də münasibət bildirib. O, “Facebook” səhifəsində yazıb ki, məsələyə dövlət qurumları səssiz qalıb:

“Bu uşağı sosial şəbəkələrdə paylaşmayan qalmadı! Amma nə Daxili İşlər Nazirliyi, nə Səhiyyə Nazirliyi, nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, nə də qəyyumluq komissiyasından reaksiya gəlməyib”.

Paylaşımda paytaxtın Yasamal rayonu ərazisində bu vəziyyətdə görülən uşağa Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə reaksiyasız qalması qınanılıb:

“Yasamal Rayon İcra Hakimiyyəti də bu uşağı görmədi ki, görmədi. Bu uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı çox böyükdür. Bədəni yara içində, ayıq görən olmur.

Bu uşaq müalicə almalıdır. Narkoloji şöbə uşaqlar üçün olmasa belə müalicə olunmalıdır. Daha sonra müəssisəyə yerləşdirilməlidir. Mən bu vəziyyətdə ona heç nə edə bilmərəm. Amma siz, dövlət qurumları, bir xəstə, asılı uşağı cəmiyyətə yenidən qaytarmağa borclusunuz”.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, hazırda bununla bağlı nazirlikdə araşdırmalara başlanılıb.

Deyilənlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə də əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov BAKU.WS-ə açıqlamasında bildirdi ki, qeyd edilən əraziyə əməkdaşlar cəlb olunub.

“Əməkdaşlarımız ərazidə araşdırma aparacaq. Həmin uşaqla bağlı məlumatlar öyrəniləcək. Onu tapıb, danışıqlar aparacağıq. Əgər istəsə, sığınacağa yerləşdiriləcək. Digər səlahiyyətli qurumlarla da əlaqə saxlanılacaq”, - deyə Murad Həşimov bildirib.

Ümid edirik ki, həmin uşaq tapılacaq. Onunla bağlı lazımi tədbirlər görüləcək və uşağın cəmiyyətə adaptasiyası bərpa olunacaq.

Xəbər lenti