"El həkimi” qəzeti və
onun internet saytı qismində fəaliyyət göstərən "reket nəşr”in təsisçisi
və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeçiliyində olan
Cümşüdova Günel Cəlil qızı və digərlərinin ölkə ərazisində müxtəlif
hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək
şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə
bir-birilərinə ötürmələri müəyyən edilib, Dövlət Təhlükəsizliyi
Xidmətində araşdırma başlanıb.
Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən xəbərə görə, keçirilən əməliyyat-istintaq tədbirləri
nəticəsində Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu
aldıqdan sonra idarə etdiyi "90-PF-742” dövlət qeydiyyat nişanlı
avtomobilində cinayət başında saxlanılıb, əvvəlcədən üzəri xüsusi
qaydada işarələnən pullar, əllərində isə həmin pulların üzərinə çəkilmiş
xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.
Faktla bağlı
başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla həmin şəxslər
məsuliyyətə cəlb olunublar. Onlar tərəfindən gizli qaydada informasiya
alınması üçün texniki vasitələrdən istifadə etməklə insanların
güdülməsi, gizli videoçəkilişlərin aparılması, qanunla əməliyyat tədbiri
hesab edilən sair əməllərin qanunsuz həyata keçirilməsi, insanların
intim münasibətə cəlb edilməsi və sair yollarla toplanmış materiallar
əsasında ayrı-ayrı şəxslərin şantaj edilməsi, müxtəlif məbləğlərdə pul
tələb edilib alınması, bu üsulla müxtəlif təşkilatlardan dövri haqq
toplanılması, hərbi qulluqçuların hər birindən əlavə digər hərbçilərin
təsir altına salınmasına şərait yaratmalarının tələb edilməsinə dair
çoxsaylı sübutlar, saxta media vəsiqələri və sair dəlillər aşkar
edilərək götürülüb.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər
cinayət əməlləri barədə ətraflı ifadələr veriblər. Hazırda cinayət işi
üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilməklə Zöhrab Ağayev,
Günel Cümşüdova və digərlərinin oxşar qanunsuz əməllərindən zərər çəkmiş
şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.