Xəzər Xəbər

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarındakı bütün təbiət abidələri məhv edilib

Gündəm | 11:41 • 28 Aprel 2021
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarındakı bütün təbiət abidələri məhv edilib

Füzuli və Xocavənd rayonlarına səfər çərçivəsində media nümayəndələri İşıqlı kəndində olublar. Onlar Füzuli rayonunun İşıqlı kəndində məhv edilmiş təbiət abidəsinə (Şərq çinarı ağacı) baxış keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, ekologiya və təbii sərvətlər nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terrorlar törədiblər.

O qeyd edib ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 16 mart tarixli 167 nömrəli qərarı ilə Füzuli rayonu ərazisində təbiət abidələri kimi qeydə alınmış 11 ədəd Şərq Çinarı növünə məxsus qədim ağacların hamısı kök hissədən yandırılmış və kəsilərək məhv edilib. Bunlardan ən yaşlı ağacın diametri 520 santimetr, hündürlüyü 30 metr, yaşı isə 1400 il təşkil edirdi. Füzuli rayonu İşıqlı kəndi (Tağlı körpünün yaxınlığında) ərazisində təbiət abidəsi statusuna malik diametri 450 santimetr, hündürlüyü 25 metr, yaşı 900 il olan yandırılıb kəsilmiş Şərq Çinarı yenidən pöhrələnib.

Monitorinq aparılan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonlarının ərazisində təbiət abidələri kimi qeydə alınmış və qorunan 138 ağac (127 Şərq Çinarı, 5 Azat, 3 Dağdağan, 1 Armud, 1 Palıd, 1 Saqqız ağacı) məhv edilib.

Monitorinq keçirilən rayonlardan yalnız Xocavənd rayonu istisna olmaqla Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarının ərazisindəki bütün təbiət abidələri erməni vandalları tərəfindən məhv edilib.

Media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfəri davam edir.

Xəbər lenti

Çox oxunanlar