Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.Məktubda
deyilir: "Seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi
ürəkdən təbrik edir və Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar
arzulayıram.
Səsvermənin nəticələri xalqın əsl lideri kimi Sizin şəxsinizə olan böyük
inam və etimadın aşkar təzahürü, qardaş Türkiyənin hərtərəfli inkişafı
və çiçəklənməsi yolunda genişmiqyaslı fəaliyyətinizə və xidmətlərinizə
verilən yüksək qiymətdir.
Azərbaycan ilə Türkiyəni dərin tarixi
kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan,
xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq
münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş,
qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası
münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən
yüksək səviyyəsinə yüksəlmişdir.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa ilə Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, bu yaxınlarda açılışını etdiyimiz TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir.
Əminəm
ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün
birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq,
ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Əziz
Qardaşım, bir daha Sizə ən səmimi təbriklərimi yetirir, Sizi
Azərbaycana rəsmi səfərə dəvət edirəm. Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, qardaş Türkiyə xalqının yüksəlişi naminə əzmkar və fədakar
işinizdə uğurlar diləyirəm."