Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

Uşaq parlamenti yaradılır

Dünya | 15:57 • 19 İyun 2021
Uşaq parlamenti yaradılır

Vyana əyalət hökumətinin qərarına əsasən, bu ilin sentyabrında Avstriya paytaxtında uşaq və yeniyetmələrdən ibarət parlament təşkil olunacaq.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərin uşaq və yeniyetmələr üzrə yeni strategiyasının tərkib hissəsi olan parlament layihəsində yaşı 5-dən 20-dək olan sakinlər iştirak edəcəklər. Bununla da şəhərdə ictimai məkanlardan istifadə, sosial layihələr, uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi və onlar üçün müxtəlif sosial-iqtisadi imkanların yaradılması üçün bu yaş qrupunun da ideya və təklifləri nəzərə alınacaq.

Uşaq parlamentində yaşı 5-dən 13-dək 225 uşaq, yeniyetmələr parlamentində isə yaşı 14-dən 20-dək 100 yeniyetmə təmsil olunacaq. Parlamentin işində iştirak etmək istəyənlər sentyabrda qeydiyyatdan keçə biləcəklər. Uşaq parlamentinə üzvlər məktəblərdə təsadüf prinsipi əsasında seçiləcək, yeniyetmə parlamentinə seçilmək istəyənlər isə öz namizədliyini irəli sürməli olacaqlar. Parlamentin ilk iki iclası noyabrda əyalət parlamentində (landtaq), son iki iclası isə gələn ilin iyununda baş tutacaq. Uşaq və yeniyetmələrin ideya və təklifləri toplanaraq şəhər bələdiyyə şurasına təqdim olunacaq.

Vilayət hökumətindən bildirilib ki, uşaqların siyasi proseslərə cəlb edilməsi bir tərəfdən onların erkən yaşlardan şəhərin ictimai-siyasi həyatına marağını artırmaq və fərdi keyfiyyətlərini inkişaf etdirməyə xidmət edir, digər tərəfdən isə azyaşlıların nöqteyi-nəzərindən şəhərin gələcək həyatını müəyyənləşdirməyə imkan verəcək. Layihənin növbəti tədris illərində də davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar