Xəzər Xəbər

Misir ermənilərinin Musa dağı yalanları

Dünya | 17:56 • 3 May 2021
Misir ermənilərinin Musa dağı yalanları

Misirin Port-Səid liman şəhərində misirli və livanlı ermənilər qondarma “soyqırımı”nın ildönümü mərasimində yenə həyasızcasına tarixi faktları təhrif ediblər. Onların uydurduğu hekayənin əsas mövzusu ilə Türkiyənin İsgəndərun bölgəsində Musa dağı adlanan ərazidə guya qırğınlardan qaçaraq Misir və Livana sığınmaları olub. Port-Səiddəki xristian məzarlığında Misirin erməni pravoslav kilsəsinin başçısı Aşot Mnatsakanyan isə din xadimlərinə xas olmayan kin və nifrət püskürüb, “əzabkeş xalqın” nümayəndələrini çoxalmağa və qisas almağa çağırıb. Məzarlıqda türklərə qarşı nifrət çıxışları edən ermənilər bildiriblər ki, onların babaları 1915-ci ildə Musa dağında baş vermiş qətliamdan sonra fransız gəmisi ilə Kiprə yollanıb, lakin yunanların qəbul etmədiyini görüb Misir və Livana “pənah gətiriblər”.

Xezerxeber.az AZƏRTAC-a istinadən həmin ildə Musa dağında nə baş verdiyi barədə tarixi faktlara və sənədlərə əsaslanan qısa araşdırmanın nəticələrini təqdim edir.

1915-ci il martın 18-də Çanaqqalada döyüşlərin başladığı vaxt erməni quldur dəstələri Van ətrafında silahlı hücumlara başlayır və Mahmudiyyə kəndinin bütün müsəlman əhalisini qətlə yetirirlər. 1915-ci il mayın 15-də isə Van, Çatak və Bitlisdə üsyan qaldıran ermənilər türk əsgərlərini, dinc əhalini vəhşicəsinə öldürür, Van şəhərinin rus qoşunları tərəfindən işğalında fəal iştirak edirlər.

Tanınmış türk tarixçisi Yusuf Halaçoğlu arxiv sənədləri arasında ingilis polkovniki Mark Sayksın erməni quldur dəstələrinin başçıları ilə görüşdən sonra Qahirədəki Britaniya qoşunları komandanı Con Maksvelə məktubunun mətnini dərc edib: “Təlimatınıza əsasən, Boğos paşanın (Osmanlıda general rütbəsi almış erməni xaini) nümayəndələri ilə görüşdüm. Kiprdə toplaşacaq təxminən 5 min erməni silahlısı Suriyanın şərqində türklərlə döyüşlərə yollanacaq. Onların 500-ü daşnak, bir o qədəri hınçaq, qalanları isə Ramqavar partizanlarıdır”.

Nur dağlarının ətəyində yerləşən Musa dağı 1000 metr yüksəklikdə sıldırım qayalardan ibarətdir. Həmin vaxt Hələb valisi olmuş Fəxrəddin Türkkan yazırdı ki, 1915-ci ilin aprelində Osmanlı dövlətinə qarşı üsyan qaldıran silahlı erməni dəstələri bu dağda düşərgə qurublar. Onlara silahı yerə qoyub təslim olmaq təklifi edən ordunun bölgə komandanı Albay Qalip sonradan ermənilərin Aralıq dənizi sahillərinə doğru qaçdıqlarını, fransız gəmiləri ilə Misirin Port-Səid limanına yollandıqlarını deyib. Fransızlar xain ermənilərdən Osmanlı dövlətinə qarşı istifadə etməyi nəzərdə tuturdu.

Bu hadisələr sonradan F.Verfel adlı ermənipərəst yazıçının “Musa dağında 40 gün” romanı və onun əsasında lentə alınan eyniadlı filmin sayəsində antitürk təbliğatının mühüm vasitələrindən birinə çevrilib. Lakin Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi Tarix İnstitutunun direktoru, professor Kamal Çiçək “Musa dağı: Bir üsyan, yoxsa müqavimət?” adlı tədqiqat əsərində faktlarla sübut edib ki, misirli ermənilərin babaları, əslində, türkləri qətlə yetirən quldurlar olublar. O, Fransa arxivlərində olan sənədləri araşdıraraq isbat edib ki, Misirə qaçmış ermənilərin haqqında uydurulan saxta hekayələr də keşişlərin – abbat Mesrop Haboziyan və keşiş Aginyanın yalanları əsasında yayılıb. Göründüyü kimi, erməni kilsəsi hətta bir əsrdən sonra da türklərə qarşı kin və nifrət alovunun körüklənməsinin mərkəzində dayanır.

K.Çiçək arxiv materialları əsasında ortaya çıxarıb ki, Musa dağında 800-dən çox silahlı erməni qulduru olub. Onlar silahları fransız ordusundan alıblar. Həmin quldurlar onlarla Osmanlı əsgərini qətlə yetiriblər. Hınçaq quldur təşkilatı dağa çıxan silahlı ermənilərlə əlaqəni keşiş Tiqran Andreasyan vasitəsi ilə saxlayıb. İsgəndərun və ətraf bölgələrdəki ermənilərə bildirilib ki, fransızlarla yanaşı, Osmanlı dövlətinin Ərəbistanla əlaqəsini kəsmək istəyən ingilislər də onlara silah və ərzaq yardımı göndərəcəklər. Təsadüfi deyil ki, Süveyş ərazisində ingilis qoşunlarının komandanı marşal Lord Horatsio Kitçener erməni üsyanlarının Osmanlı dövlətinin Misirdən çıxarılması üçün əhəmiyyətli olduğunu yazıb və silahlı quldur dəstələrinə yardım üçün Londona müraciət edib. Keşişləri üsyana təhrik etmək üçün bölgəyə göndərən isə Boğos Nubar Paşa olub. Bunun nəticəsində Osmanlı valisi Halid bəyin ermənilərə təslim olacaqları təqdirdə əfv ediləcəyi təklifinə də məhəl qoyulmayıb.

Beləliklə, Musa dağında 53 gün müddətində Osmanlı əsgərlərinə qarşı silahlı hücumlar edən erməni quldurlarının bu gün Misirdə yaşayan nəvələri də öz keşişlərinin yalanlarına inanaraq türklərə qarşı ədavəti davam etdirirlər. Fransız və ingilislərin onları nədən öz ölkələrinə deyil, müsəlman əhalisinin yaşadığı Misir, Livan və İordaniyaya göndərdiyi də ayrıca tədqiqat mövzusudur. Ermənilərin xain və miskin xislətinə bələd olan türk düşmənləri düşünürdülər ki, “əzabkeş xalq”ın nümayəndələri istənilən vaxt keşişlərinin çağırışı ilə türklərə, həm də, lazım gələrsə, ərəblərə qarşı yeni fitnələrə hazır olacaqlar.

Xəbər lenti