Xəzər Xəbər

Pandemiya ilə effektiv mübarizə üçün əhalinin 80 faizi peyvəndlənməlidir

Cəmiyyət | 14:18 • 6 Oktyabr 2021
Pandemiya ilə effektiv mübarizə üçün əhalinin 80 faizi peyvəndlənməlidir

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma dinamikası müsbətə doğrudur, ölkədə gündəlik yoluxma faizində azalma müşahidə olunur. Nəzərə almaq lazımdır ki, ciddi karantin qaydaları və böyükmiqyaslı məhdudiyyətlər ləğv olunub. Vaksinasiya prosesi davam etdirilir, amma burada peyvənd vurduranların sayı və vaxt çox önəmlidir. Misal üçün, 8 ay əvvəl vaksin olunmuş vətəndaşların immuniteti artıq azalır. Yəni, ölkədəki ümumi vaksinləşmə göstəricisi vətəndaşları arxayınlaşdırmamalıdır.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Həkim-infeksionistin dediyinə görə, pandemiya ilə effektiv mübarizə aparmaq üçün əhalinin 70-80 faizi peyvəndlənməlidir: “Müsbət dinamikadan asılı olmayaraq, bu gün vətəndaşlar şəxsi gigiyena və respirator xəstəliklərdən qorunma qaydalarına ciddi əməl etməli və vaksinasiya prosesində iştirak etməlidirlər. İki doza peyvənd almış vətəndaşlardan 3-cü dozanın şərtlərinə uyğun gələnlər qüvvətləndirici peyvənd dozasını qəbul etməlidirlər”.

N.Mustafayeva COVID-19 virusunun əlamətləri ilə oxşar olan digər respirator virus infeksiyaları barədə danışıb. Bildirib ki, digər virus infeksiyaları dedikdə mövsümlə əlaqədar olaraq respirator, yəni yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəlikləri nəzərdə tutulur: “Həmin xəstəliklərin, demək olar ki, əksəriyyətinin əlamətləri bənzərdir. Yüksək qızdırma, kataral əlamətlər başlıca simptomlardandır. Bu əlamətləri hiss etdikdə vətəndaş izolyasiya olunmalı və xəstəliyinin identifikasiyası üçün müvafiq həkimə müraciət etməlidir. Eyni zamanda, məktəblərin başlanması ilə əlaqədar olaraq bir məsələnin də aktuallığına diqqət çəkmək istəyirəm. Məktəbyaşlı uşaqlar arasında payız-qız aylarında bu və ya digər virus infeksiyaları sürətli yayılır. Valideynlərdən bu dövrdə həm övladlarının, həm də digər şagirdlərin səhhətinə həssas yanaşmağı, uşaqlarda əlamətlər hiss olunan zaman onları dərsə buraxmamağı xahiş edirik”.

Xəbər lenti

Çox oxunanlar