Xəzər Xəbər

Suyun orqanizm üçün faydaları

Cəmiyyət | 12:12 • 24 Fevral 2021
Suyun orqanizm üçün faydaları

Su insan orqanizmində əhəmiyyətli rola malikdir. Metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında, həmçinin qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamaqda suyun çox böyük faydası var. Su onurğa beynin fəaliyyəti üçün vacibdir. Bol su içmək oynaq ağrılarının qarşısını alır. Su həm həzm prosesini sürətləndirmək, həm də qidanın udulması, nəqli və istifadəsini, toksinlərin və tullantıların bədəndən çıxarılmasını təmin etmək baxımından əvəzedilməz rola malikdir. Araşdırmalara görə, günlük su qəbulu qəbizliyin qarşısını almaq üçün də vacibdir.

Xezerxeber.az xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssislərinin hazırladığı maarifləndirici məqalə suyun orqanizmə faydası haqqındadır.

Su beynin normal funksiyasının təmin olunmasında mühüm rol oynayır. Belə ki, beyin kütləsinin təxminən 75 faizi sudan ibarətdir. Beyin idrak fəaliyyətinin, eləcə də əhval-ruhiyyənin tənzimlənməsi üçün su vacibdir. Qeyd edək ki, uzun müddət susuz qaldıqda unutqanlıq, diqqət əksikliyi kimi hallar özünü göstərməyə başlayır. Su itkisinin bərpası ilə yaddaşa mənfi təsirin aradan qalxdığını göstərən bir sıra tədqiqatlar mövcuddur.

Yetkin orqanizmdə su miqdarı bədən çəkisinin 50-60, körpələrdə isə 75 faizini təşkil edir. Alimlərin qənaətinə görə, yaş artdıqca bədəndə ümumi su miqdarı tədricən azalır. Həmin miqdar kişilərlə müqayisədə qadınlarda bir qədər aşağı olur, bədənin təxminən 55 faizini təşkil edir. Bunun başlıca səbəbi qadınlarda kişilərə nisbətən daha çox yağ toxumasının mövcud olmasıdır.

Nəzərə alınmalıdır ki, böyüklərlə nisbətdə uşaqların orqanizmində su itkisi daha çox baş verir. Bu, uşaq orqanizminin daha çox maye tələb etməsi ilə əsaslandırılır. Hamiləlik zamanı fetus ehtiyaclarının ödənilməsini təmin etmək, dünyaya gələcək körpənin orqanlarının normal inkişafı üçün suya tələbat artır. Ona görə də hamilə qadınlar kifayət qədər su istehlak etməlidirlər. Ümumdünya Səhiyyə Təşkilatı normal halda 60 kiloqram çəkiyə malik insanlar üçün gündə 2, 10 kiloqram çəkiyə malik uşaqlar üçün isə 1 litr su istehlakını tövsiyə edir. ABŞ Tibb İnstitutunun əməkdaşları isə məsləhət görürlər ki, hamilə və laktasiya dövründə olan qadınlar əlavə 0.3 l/gün və 1.1 l/gün su istehlak etməlidirlər.

Düzgün miqdarda suyun qəbulu hər yaş qrupu üçün həyati əhəmiyyət daşıyır. Yetərli elektrolit balansı orqanizmin optimal işləməsini təmin etmək üçün vacibdir. Əks təqdirdə əzələ zəifliyi, yorğunluq kimi problemlər baş qaldıra bilər. Bədəndəki ümumi suyun çatışmazlığı, yəni dehidrasiya insanın fiziki fəaliyyətlə məşğul olma qabiliyyətini poza, sidik sistemi və ürək-damar sistemi xəstəliklərinin artmasına səbəb ola bilər. Hədsiz su itkisi başağrısı, başgicəllənmə və ya həzm problemlərinə səbəb olur. ABŞ Milli Sağlamlıq İnstitutunun mütəxəssisləri bədən çəkisinin 3-5 faizi qədər su itkisini mülayim dehidrasiya, bədən çəkisinin 6-10 faizi qədər su itkisi olduqda orta dərəcədə dehidrasiya və 9-15 faizli su itkisini isə kəskin dehidrasiya hesab edirlər. Mülayim dehidrasiya əhval-ruhiyyəyə, yaddaşa və ya beyinin normal fəaliyyətinə təsir göstərə bilər. Həmin simptomları aradan qaldırmaq üçün yenidən müəyyən qədər su qəbulu kifayətdir. Bəzi araşdırmalara görə, qəhvə kimi diuretik içkilər də mülayim dehidrasiyaya səbəb ola bilir. Ancaq kəskin dehidrasiya böyrək çatışmazlığı, ürək problemləri, hətta ölümlə də nəticələnə bilər. Yüksək temperatur, yüksək və ya son dərəcə aşağı nisbi rütubət, gərgin fiziki güc də kəskin dehidrasiyaya səbəb olur. Kəskin dehidrasiya zamanı tünd rəngli sidik, quru dəri, sürətli ürək döyüntüsü və ya sürətli nəfəsalma, şok və huşsuzluq kimi əlamətlər müşahidə olunur.

Bədənin maye itkisini bərpa etmək üçün bu nisbəti qoruyacaq miqdarda su istehlak etmək vacibdir. Qeyd edək ki, (təxminən 80 faiz) içki və su orqanizmin mayeyə olan ehtiyacını daha çox ödəyir. Bununla yanaşı, orqanizmin mayeyə olan tələbatını su ehtiva edən qidalar vasitəsilə də ödəmək mümkündür. Araşdırmalara görə, ümumi su qəbulunun 50 faizə qədərinin qidadan, xüsusilə də su ilə zəngin meyvələrdən alındığı məlum olub.

Orqanizmin tələbatından artıq maye qəbul etmək bəzən təhlükəli hallar yarada və böyrək və ürək çatışmazlığı ilə nəticələnən hiponatremiyaya yol aça bilər. Qeyd edək ki, hiponatremiya qəbul edilən suyun miqdarı böyrəyin su xaric etmə qabiliyyətini aşdığı zaman yaranır. Bu zaman natrium konsentrasiyasında baş verən azalma nəticəsində antidiuretik hormon sekresiyasına maneə törədilir və nəticədə böyrəkdən atılan suyun miqdarı artır. Böyrəklər vasitəsilə gündə təxminən 20-28 litr su süzülə bilər. Mütəxəssislərin fikrincə, normal böyrək funksiyası olan insanın içə biləcəyi maksimum suyun miqdarı 800-1000 ml/saat təşkil edir.

İstehlak edilən suyun tərkibində kalium, natri, kalsium, xlor, maqnezium, dəmir, sink, mis, xrom, yod, kobalt, molibden və selen kimi elementlərin olması orqanizm üçün vacibdir. Ümumilikdə, içməli su ilə daha çox qəbul edilən mikroelementlər kalsium və maqneziumdur. Tələb olunan gündəlik su qəbulu ilə bədən həmin elementlərin 20 faizinə qədərini təmin edə bilər. Digər elementlərə gəldikdə isə içməli su ilə 5 faizdən azı təmin edilə bilər. Qeyd edək ki, təbiətdən birbaşa götürülmüş sularda bəzən qurğuşun, mis və həmin metalların birləşmələr olduğuna görə onlar istehlak edilməzdən əvvəl tədqiq edilməli və təmizlənməlidir.

Suyun pH göstəricisi keyfiyyəti müəyyən edə bilmək üçün mühüm ölçü vahididir. Suyun yararlılığından əmin olmaq üçün təmizlənmə və dezinfeksiyanın bütün mərhələlərində həmin ölçü vahidinə diqqət yetirilməlidir. Qeyd edək ki, xlor ilə effektiv dezinfeksiya üçün pH 8-dən az olmalıdır. Suyun pH göstəricisinin aşağı olması (təxminən pH 7 və ya daha az) aşındırıcı təsir yarada bilər. Suyun optimal pH göstəricisi 6.5-8.5 olmalıdır. Bu, suyun tərkibinə və paylama sistemində istifadə olunan materialların (boruların) təbiətinə görə dəyişə bilir.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, intensiv yağış yağacaq
Güclü külək əsəcək, intensiv yağış yağacaq XƏBƏRDARLIQ
18:53 • 6 May 2024
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
14:30 • 6 May 2024
Xankəndi Şəhər Polis Şöbəsinə
Xankəndi Şəhər Polis Şöbəsinə YENİ TƏYİNAT
14:28 • 6 May 2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir XƏBƏRDARLIQ
13:50 • 6 May 2024
Bu şəxslər 1500 manat
Bu şəxslər 1500 manat CƏRİMƏLƏNƏ BİLƏR
13:25 • 6 May 2024
Sabahın hava PROQNOZU
Sabahın hava PROQNOZU YAĞIŞ YAĞACAQ
13:12 • 6 May 2024

Xəbər lenti