Xəzər Xəbər

Rusiya XİN ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı bəyanat yayıb

Gündəm | 23:09 • 5 Aprel 2024
Rusiya XİN ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı bəyanat yayıb

Moskva aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Brüsseldə keçirilən görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün “kollektiv Qərb”in növbəti cəhdi kimi qiymətləndirir.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və destruktiv şəkildə müdaxiləsi, region ölkələri və onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün olduqca mənfi nəticələrə, yeni haçalanmış fikirlərin yaranmasına, həmçinin nəzarətdən kənar gərginliyin artmasına səbəb ola bilər.

“Aydındır ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün vasitəyə çevirmək istəyir. Bizə məlumdur ki, Vaşinqton və Brüssel efemer vədlər altında Ermənistanın KTMT və Aİİ-ni tərk etməsinə, Rusiya hərbi bazasının və sərhədçilərinin çıxarılmasına nail olmağa çalışırlar", - deyə bəyanatda bildirilir.

Moskva Ermənistan rəhbərliyini Qərbin onu aldatmasına imkan verməməyə və ölkəni təhlükəsizlik vakuumunun yaranması, iqtisadiyyatda ciddi problemlərin meydana gəlməsi və əhalinin ölkədən axın etməsi ilə müşayiət olunacaq yanlış yolla aparmamağa çağırır.

“Qərb, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üzrə nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, ictimai xadimlərin və ekspertlərin təmasları vasitəsilə etimadın möhkəmləndirilməsi tədbirlərini nəzərdə tutan üçtərəfli bəyanatlar kompleksini alt-üst etmək cəhdlərindən də əl çəkmir. Məhz Vaşinqtonun və Brüsselin təzyiqi altında rəsmi İrəvan bu razılaşmaların həyata keçirilməsini dayandırdı, bir çoxları, xüsusən də qarşılıqlı olaraq nəqliyyat blokadasının qaldırılması məsələsində tərəflər qarşılıqlı şəkildə məqbul sayılacaq qərarların qəbul edilməsinə yaxın idilər. Moskva hələ də Azərbaycanla Ermənistan arasında çoxdan gözlənilən sülhün əldə olunmasına hər cür kömək etməyə hazırdır”, - deyə Rusiya XİN vurğulayır.

Moskva hesab edir ki, Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakterə malik problemli məsələlər 2023-cü il 23 oktyabr tarixində Tehranda Ermənistanın da iştirak etdiyi “3+3” məşvərət platformasının ikinci iclasında razılaşdırılmış “regional məsuliyyət” prinsipinə uyğun olaraq həll edilməlidir.

“Xarici oyunçuları bu razılaşmalara hörmət etməyə çağırır, İrəvandakı hakim dairələri isə öz xarici siyasət xətlərini qurduqları zaman qonşu dövlətlərin narahatlıqlarını nəzərə almağa dəvət edirik”, - sənəddə bildirilir.

Xəbər lenti

Çox oxunanlar