Xəzər Xəbər

Ermənistan parlamentinin sədri Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb

Gündəm | 17:08 • 27 Mart 2024
Ermənistan parlamentinin sədri Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb.

Xezerxeber.az "news.am"a istinadən xəbər verir ki, Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunub.

“İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu bilirlər”, - Simonyan bildirib.

O, müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb.

Ermənistan parlamentinin sədri işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib.

“Azərbaycanlılar bu barədə açıq danışırlar”, - Simonyan əlavə edib. 

Xəbər lenti