Xəzər Xəbər

Azərbaycan və Ermənistan arasında humanitar prosesə beynəlxalq dəstək ifadə edilir

Veb TV | 19:29 • 13 İyun 2021
Azərbaycan və Ermənistan arasında humanitar prosesə beynəlxalq dəstək ifadə edilir

"Saxlanılan 15 nəfərin Ermənistana qaytarılması və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq məlumatın təqdim edilməsini alqışlayıram".

Xezerxeber.az-ın məlumatına görə, bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde tvitter hesabında yazıb.

"Etimadın qurulması üzrə bu tədbirlər Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar üçün atmosfer yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa İttifaqı ilə işləməkdən məmnunam", - deyə o qeyd edib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də məsələyə münasibət bildirib.

"Azərbaycan və Ermənistanın paralel humanitar jestləri - saxlanılanların azad edilməsi və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram", - deyə Şarl Mişel feysbuk hesabında yazıb. Onun sözlərinə görə, bu, iki ölkə arasında etimadın bərpası istiqamətində atılan ilk addımdır: "Avropa İttifaqı bu prosesi dəstəkləyib və irəliləyişin əldə olunması üçün köməyini təklif etməkdə davam edəcək".

ABŞ Dövlət Departamentindən də hər iki tərəfin addımını təqdir edən açıqlama yayılıb:"ABŞ Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini və onların ailələrinə qayıtmasını alqışlayır. Biz həmçinin Ermənistanın Azərbaycana ərazilərin minalardan təmizlənməsini asanlaşdıracaq və gələcəkdə itkilərin qarşısını alacaq vacib məlumatı təqdim etməsi barədə qərarını da təqdir edirik".

Bu arada, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib ki, rəsmi İrəvan Azərbaycana minalanmış ərazilərin yalnız kiçik hissəsinin xəritəsini verib. Paşinyanın sözlərinə görə, o, bu mövzuda müzakirələrin sonrakı mərhələsinə hazırdır.

Xatırladaq ki, əldə edilmiş razılığa əsasən, dünən Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti