Xəzər Xəbər

Aleksandr Ata dəfn edilib VİDEO

Veb TV | 21:25 • 13 İyun 2021
Aleksandr Ata dəfn edilib

İyunun 13-də Rus Pravoslav Kilsəsində tanınmış din xadimi, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr İşeinlə vida mərasimi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Rus Pravoslav Kilsəsində keçirilən mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər qonaqlar iştirak ediblər.

Vida mərasimindən sonra Aleksandr Ata Birinci Fəxri xiyabanda dəfn edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndəriblər.

Jurnalistlərə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin sözlərinə görə, tarixdə ilk dəfədir ki, din xadimi Birinci Fəxri xiyabanda dəfn olunur. O deyib ki, bu, Azərbaycanda mövcud olan dövlət-din münasibətlərinin göstəricisidir.

Şeyxülislam qeyd edib ki, Aleksandr Ata Rusiya və Azərbaycan, Rus Pravoslav Kilsəsi və QMİ arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına hər zaman dəstək verib. Bununla yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayıb.

''O, demək olar ki, bir Azərbaycan vətəndaşı kimi Azərbaycanın xoş günlərinə sevinib, çətin günlərində isə həmişə yanında olub'',- deyə QMİ sədri vurğulayıb.

Qeyd edək ki, Aleksandr İşein iyunun 10-da uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti