Xəzər Xəbər

Prezident Naxçıvandan növbəti mühüm mesajlar verdi VİDEO

Veb TV | 20:25 • 11 May 2021
Prezident Naxçıvandan növbəti mühüm mesajlar verdi

Prezident Naxçıvana səfəri zamanı həm beynəlxalq, həm də regional güclərə, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı problem yaratmaq istəyən qüvvələrə kifayət qədər açıq mesajlar verdi. Ekspertlər bildirirlər ki, dövlət başçısının Naxçıvana səfəri, eləcə də burda verdiyi açıqlamalar təsadüfi deyildi və bölgədəki yeni reallığa Azərbaycanın münasibətini ifadə edən önəmli siyasi gediş idi. 

Prezidentin Naxçıvan Muxtar Respublikasına səfəri, orada etdiyi açılışlar, eləcə də Azərbaycan Televiziyasına məhz bu yerdə verdiyi müsahibə bir çoxları üçün adi səfər təsiri bağışlasa da, əslində regionda baş verən hadisələrə Azərbaycan dövlətinin mövqeyini ifadə edən bir mesaj idi. Millət vəkili Bəhruz Məhərrəmov bildirir ki, dövlət başçısı Azərbaycanın bölgədə yaratdığı yeni reallıqda Zəngəzur dəhlizinin açılmasından başqa yolun olmadığını bu səfərlə həm Ermənistana, həm də onların havadarlarına əyani nümayiş etdirdi.

Dövlət başçısının iştirak etdiyi açılışlardan ikisi hərbi təyinatlı idi. Bunlardan biri olan Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı çarpayı sayı və genişliyinə görə Muxtar Respublikanın mərkəzi xəstənasından da böyükdür. Bu isə təsadüfi deyil. Çünki, bu ərazinin təhlükəsizliyinin təmin edilməsində belə bir səhiyyə infrastrukturunun mövcud olması zamanın tələbidir. 

Naxçıvanda onsuz da qoşun növlərindən biri olan hərbi hava qüvvələrinin bütün imkanları mövcud idi. Yeni bir hərbi aerodromun inşa edilməsi isə o deməkdir ki, hərbi hava qüvvələrinin miqyası və əhatə dairəsi daha da genişləndirilir. "Sülh istəyirsənsə, həmişə müharibəyə hazır ol" prinsipi əsas götürülərək atılan bu addım muxtar respublikanın təhlükəsizliyinin daha da gücləndirilməsində önəmli bir mərhələdir. Ümumiyyətlə isə Naxçıvanda yerləşən əlahiddə ümumqoşun ordusu İkinci Qarabağ müharibəsinə qədər və müharibə zamanı nəinki muxtar respublikanın hüduqlarını qorumağa qadir olduğunu, eyni zamanda öz ərazilərindən kənarda çevik, effektiv əməliyyatlar keçirmək bacarığını əyani şəkildə nümayiş etdirib. Xüsusilə Əlahiddə Ümumqoşun ordusunun 2018-ci ilin may ayında həyata keçirdiyi və bir şəhid verməklə böyük əraziləri nəzarətə götürdüyü Günnüt əməliyyatı xüsusi yer tutur. Hərbi ekspert Emin Həsənli bildirir ki, Günnüt əməliyyatında ələ keçirilmiş yüksəkliklər II Qarabağ müharibəsində Azərbaycan ordusuna düşmənə daha ağır zərbələr endirmək üçün böyük fürsət verib.

Dövlət başçısı Naxçıvanda verdiyi müsahibədə də bildirib ki, Əlahiddə Ümumqoşun ordusunda dünyanın ən müasir silahları mövcuddur və onların xaricdən alınıb tədarük edilməsi prosesi davam etdirilir. Bu isə o deməkdir ki, Ermənistanın bu ölkənin paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvan da daxil olmaqla, böyük yaşayış məntəqələri Naxçıvan ümumqoşun ordusunun bir addımlığında daim nəzarətdə olan hədəflərdir. Yəni Ermənistan İkinci Qarabağ müharibəsində olduğu kimi bundan sonra da Naxçıvana hərbi təcavüz variantını heç zaman nəzərdən keçirə bilməyəcək. Burdakı ordunun daim güclənməsi isə Zəngəzur dəhlizi ilə bağlı yaradılmasına təşəbbüs edilən çətinliklərin çözülməsində əsas açarlardan biri rolunu oynayacaq.

Xəbər lenti