Xəzər Xəbər

Şəki və Abşeronda internet problemi yaşanır VİDEO

Veb TV | 19:50 • 4 Aprel 2021
Şəki və Abşeronda internet problemi yaşanır

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda tədris distant formada təşkil olunacaq. Bu da sözsüz ki, internet xidmətlərinə olan tələbatı kifayət qədər artırır. Şəki şəhərində və Abşeron rayonunda internetin sürəti və bəzi ərazilərdə ümumiyyətlə internetin olmaması sakinlərin işini çətinləşdirir.

Abşeronda internet prolemi yaşanır. Sakinlər bildirirlər ki, bəzi ərazilərdə internet ümumiyyətlə yoxdur. Şagirdlər onlayn dərslərdə iştirak edə bilmirlər.

Elə ərazilər də var ki, internetin sürəti şagirdlərin onlayn dərsdə iştirakına tam imkan vermir.

Şəki şəhərində də distant tədris zamanı internetin zəif olması bir sıra çətinliklər yaradır. Xüsusilə bir evdən iki və daha çox şagird onlayn dərsə qoşularsa, o zaman ciddi problem yaşanır.

Problem ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, regionlarda mərhələli şəkildə rabitə şəbəkəsi olan kənd və qəsəbələrdə  mövcud tutumun artırılması və xətt şəbəkəsinin tikilməsi istiqamətində tədbirlər görülür. Xidmətlərin çeşidini və həcmini artırmaq üçün mövcud mis kabel xətləri fiber-optik xətlərlə əvəzlənir. Eyni zamanda tələbatı nəzərə alaraq, çevik telekommunikasiya şəbəkəsinin qurulması məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası - LTE tətbiq edilir. Artıq Sumqayıt şəhərinin ətraf ərazilərində, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində və Xaçmaz rayonunun kəndlərində sakinlər internetlə yanaşı, digər multimedia xidmətlərindən də faydalana bilirlər. Eləcə də digər rayonlardan edilən müraciətlər qeydə alınır, sakinlərin telefon və internet xidmətləri ilə təmin olunması istiqamətində işlər davam etdirilir.

 

 

Xəbər lenti